“Əl-Ümmə” xəbər agentliyinin məlumatına görə, İngiltərə məhkəməsi “İslama qarşı tənqid”, hətta təhqiramiz ifadələrlə olsa belə, 2010-cu il “Bərabərlik Qanunu” çərçivəsində qorunan “fəlsəfi inanclar” kateqoriyasına daxil olduğunu bəyan edən misilsiz bir hökm çıxarıb.
Müşahidəçilər bu qərarın “ifadə azadlığı” adı altında dinlərə təhqirin qanuniləşdirilməsinə yol aça biləcəyindən narahatdırlar — xüsusilə də İngiltərədə islam əleyhinə əhval-ruhiyyənin artdığı bir dövrdə.
Məhkəmə bu qərarı, dörd il davam edən hüquqi mübarizədən sonra, sosial şəbəkələrdə İslam Peyğəmbəri (s) haqqında təhqiramiz ifadələr işlədən və dinin özünü hədəf alan paylaşımlar edən Patrik Li adlı şəxslə bağlı çıxarıb. Məhkəmə qərara alıb ki, o, İslamı “qorunan fəlsəfi inanc” kimi tənqid etmək hüququna malikdir.
Patrik Li, ateist və Britaniya Sığorta və Statistika İnstitutunun (IFoA) keçmiş üzvü olub. O, ötən il 34 illik üzvlükdən sonra bu qurumdan çıxarılıb və “təhqiramiz və ya təhrikedici” hesab edilən 42 paylaşımı səbəbilə təxminən 23 min funt sterlinq cərimə edilib.
Lakin hakim Devid Xan qərarında yazıb ki, Li “İslamın müəyyən təlim və praktikalarına tənqid yönəldir, fərdlərə və ya bütöv dinə deyil.” Hakim əlavə edib ki, bu cür baxışlar, əgər dinin ardıcıllarına qarşı nifrət və ya zorakılığı təşviq etmirsə, hüquqi baxımdan qorunan fəlsəfi inanclar çərçivəsinə daxildir.
Li müdafiəsində bildirib ki, o, keçmişdə müsəlman icmalarına xidmət edən xeyriyyə təşkilatlarına maliyyə yardımı edib.
Məhkəmə gələn ilin fevral ayı üçün yeni iclas təyin edib. Bu iclasda müəyyən ediləcək ki, onun X platformasındakı paylaşımları “ifadə azadlığı” çərçivəsinə daxildirmi, yoxsa qanun pozuntusu hesab olunur.
Dosyaya pulsuz baxan vəkil Con Halbruk bildirib: “Müvəkkilimin bəzi inancları bəzilərinə təhqiramiz və ya təhrikedici görünə bilər, lakin onun məqsədi müsəlmanların hüquqlarını pozmaq deyil.”
Bu, Britaniya məhkəməsinin ilk qərarıdır ki, açıq şəkildə “İslama tənqidi yanaşmaları” bərabərlik qanunu ilə qorunan inanclar kimi tanıyır. Qərar, hökumətin “İslamofobiya” anlayışını əvəz edəcək “müsəlmanlara qarşı nifrətin” yeni hüquqi tərifini hazırladığı bir vaxtda çıxarılıb.
4316004