IQNA

"Qurani-Kərimdə əməkdaşlıq / 10

Qurani-Kərimdə əməkdaşlığın müxtəlif nümunələri

11:46 - November 11, 2025
Xəbər sayı: 3499195
İQNA - Yaxşılıq və təqva əsasında əməkdaşlığın nümunələri Quran baxımından yalnız kasıb və ehtiyac sahiblərinə pul və sədəqə verməklə məhdudlaşmır, əksinə davamlı və geniş bir sahəni əhatə edən ümumi bir prinsip kimi sosial, hüquqi, əxlaqi və s. məsələləri də öz içində cəmləyir.

Təqva əsasında əməkdaşlığın nümunələrindən biri də müsəlmanlar arasında sülh və barışıq üçün səy göstərməkdir. Allah Quran-da buyurur: “Həqiqətən, möminlər qardaşdırlar. Elə isə qardaşlarınızın arasını düzəldin!” (Hucurat, 10).

Qurani-Kərim həmçinin “Tövbə” surəsində ictimai yardımlaşma və ümumi iştirakı ifadə etmək üçün “vilayət” və “təvəlla” sözlərindən istifadə edir və buyurur: “Mömin kişilər və mömin qadınlar bir-birlərinin dostu və köməkçisidirlər. Onlar yaxşı işlər görər, pis işlərdən çəkinərlər...” (Tövbə, 71). Beləliklə, möminlərin bir-birinə olan vilayəti onların bir-birinə qarşılıqlı yardım və dəstəyinə işarədir.

Əməkdaşlığın digər bir nümunəsi ictimai sahədə yaxşılığı dəvət etmək və pislikdən qadağan etmək (əmri bil-məruf və nəhyi anil-münkər) barədə olan ayədədir ki, bu da möminlərin arasındakı dostluq və vilayətin ilk mərkəzi kimi təqdim olunur. İslamda cəmiyyətin və fərdin taleyi bir-birinə bağlıdır və buna görə də cəmiyyətin çöküş və fəsaddan uzaq qalması üçün möminlər bir-birini yaxşılığa tövsiyə etməli və pislikdən çəkindirməlidirlər.

Nifaq içində olanlar da (münafiqlər) eynilə bir-birləri ilə dostluq və əməkdaşlıq edirlər, lakin onlar günahın yayılması, pisliyə dəvət etmə, yaxşılıqdan çəkindirmə və xeyir işlərindən əl çəkmə əsasında bunu edirlər: “Münafiq kişilər və münafiq qadınlar bir-birlərinin (dostu və köməkçisi) idilər. Onlar pis işlər görər, yaxşı işlərdən çəkinər və xeyirxah işlər görməyə əl atmazdılar. Onlar Allahı unutduqlarına görə, Allah da onları unutdu! Həqiqətən, münafiqlər – onlar fasiqlərdir!” (Tövbə, 67).

Ümumiyyətlə, əməkdaşlıq və yardımlaşma qabiliyyəti olan yaxşı işlər sayısınca, əməkdaşlıq üçün nümunələr göstərmək olar; məsələn, hədiyyə vermək, başqalarını sevindirmək, möminin üzündən qəmini silmək, mömini doyurmaq və suvarmaq, xəstə vaxtında ziyarət etmək, ailə işlərini kollektiv şəkildə görmək kimi işlər yaxşılıq və təqva əsasında əməkdaşlıqla həyata keçirilə bilən işlərdəndir.

3495149

captcha