“İQNA”-nın xəbərinə görə, Əl-Cəzirə yazır ki, onlarla idmançı insan haqları qruplarına qoşularaq Avropa Futbol Assosiasiyaları İttifaqından (UEFA) İsrailin üzvlüyünü fələstinlilərin hüquqlarını pozduğuna görə dayandırmağı istəyib.
Çərşənbə axşamı UEFA-nın prezidenti Aleksandr Çeferinə təqdim olunan məktubda “Sülh üçün İdmançılar” qrupu – 70-dən çox peşəkar idmançı və futbolçudan ibarət birlik – bu qurumun İsrail Futbol Federasiyası ilə əlaqələri kəsməsini dəstəkləyib.
Məktubda deyilir: “Beynəlxalq vətəndaş cəmiyyətində heç bir meydan, səhnə və ya platforma soyqırımı, aparteid və insanlığa qarşı digər cinayətlər törədən bir rejimi qəbul etməməlidir. İsrailin bu cür cinayətlərə görə davamlı cəzasızlığı yalnız kollektiv vicdanın hərəkətə keçməsi ilə – o cümlədən idman və mədəni tədbirlərdə iştiraklarının qarşısını almaqla – sona çata bilər.”
Bu çağırışı dəstəkləyən idmançılar arasında Fransa millisinin dünya çempionu Pol Poqba, hollandiyalı hücumçu Ənvər əl-Qazi, mərakeşli futbolçu Hakim Ziyeş və ispan oyunçu Adama Traore də var.
İnsan haqlarını müdafiə edən təşkilatlar, o cümlədən Hind Rəcəb Fondu və Böyük Britaniyadan Qəzza Xalq Məhkəməsi də bu məktubu imzalayıb.
Bu müraciət İsrailin UEFA yarışlarında iştirakının qadağan edilməsini tələb edən və Qəzzəyə qarşı müharibə zamanı törədilən cinayətlərə diqqət çəkən kampaniyanın davamıdır.
Qəzza müharibəsi başlayandan bəri beynəlxalq idman yarışlarında sionist rejim nümayəndələrinin boykot edilməsi ilə bağlı çoxsaylı tələblər səslənib və bu müddətdə UEFA və FIFA güclü təzyiqlə üzləşib.
Bəzi mənbələrin bildirdiyinə görə, UEFA-nın İcraiyyə Komitəsinin bir sıra üzvləri İsrailin qitə yarışlarından uzaqlaşdırılmasını ədalətli hesab edirlər.
Təzyiqlər artdığı bir vaxtda Associated Press və The Times (London) kimi media orqanları xəbər veriblər ki, UEFA İsrail Futbol Federasiyasının tamamilə dayandırılması üçün səsvermə keçirməyi ciddi şəkildə nəzərdən keçirir. Bundan əlavə, futbol dünyasının bir çox tanınmış simaları da susmayaraq bu məsələ ilə bağlı açıq mövqe bildiriblər.
4316291