“İQNA”-nın “Petra” agentliyinə istinadla verdiyi xəbərə görə, bu konfrans dünən — çərşənbə günü 25 noyabr Ciraş Təsviri Sənətlər Assosiasiyası ilə birgə və Ciraş vilayət şurasının rəisi “Cihad Dadra”nın nəzarəti altında təşkil edilib. Tədbirdə Qurani fəaliyyətlə məşğul olanlar, Ciraş vilayət şurasının məsul şəxsləri və bu vilayətin təsviri sənət nümayəndələri iştirak ediblər.
Konfransın məqsədi ərəb xətti və ərəb dilinin Qurani-Kərimin dili kimi mövqeyini möhkəmləndirmək olub və Qurani ərəb xəttinə həsr olunmuş incəsənət sərgisi ilə müşayiət edilib.
Konfransda alimlərin, universitet müəllimlərinin və yaradıcı xəttatların təqdim etdikləri məqalələr müzakirə olunub. Amman şəhərinin (İordaniya paytaxtı) müftisi Məhəmməd əz-Zubi bu tədbirdə “Ərəb xəttində Qurani-Kərimin gözəlliyi” adlı məqaləsini təqdim edib.
Yermuk Universiteti Gözəl Sənətlər Fakültəsinin dekanı Məhəmməd Ğəvanimə isə Ciraş konfransında “Qurani-Kərimdə musiqi” adlı məqalə ilə çıxış edib. İordaniyanın Haşimi Radiosunun sabiq direktoru Nəsim Əbu Xodir isə “Ərəb xətti: Ümmətin kimliyi və onun sivilizasiya dili” adlı məqaləsində ərəb xəttinin müsəlmanların kimliyinin formalaşmasındakı roluna toxunub.
Həmçinin İordaniyalı xəttat və ölkənin Təhsil Nazirliyinin məsullarından biri olan “Mühənd əl-Qeysi”nin məqaləsi “Qurani-Kərimin cəmiyyətdə fərqləndirici və təsirli nişanı” adlanıb.
Ciraş Təsviri Sənətlər Assosiasiyasının sədri Tareq əl-Atum çıxışında deyib: “Bu konfransın məqsədi ərəb dilinin əhəmiyyətini və ərəb xəttinin gözəlliyini açıqlamaqdır. Ərəb dili Qurani-Kərimin dilidir və dünyanın ən gözəl dilidir.”
Konfransın sonunda Ciraş Mədəniyyət İdarəsinin rəhbəri və vilayətin Təsviri Sənətlər Assosiasiyasının sədri iştirakçıları, assosiasiya üzvlərindən bəzilərini və iştirak edən sənətçiləri təltif ediblər.
4319330