“İQNA”-nın “Ərəb 21”-ə istinadən verdiyi xəbərə görə, Zeynə Nassar Alman–Livan əsilli müsəlman idmançıdır və boks idmanına daxil olduğu ilk gündən bu idmanda hicabla bağlı qaydaları dəyişdirməyə çalışıb.
Nassar 14 yaşında olarkən Almaniyada həvəskar boks qaydalarını dəyişmək üçün fəaliyyətə başlayıb ki, uzunqol köynəklə və başörtüyü ilə yarışa bilsin. Boks rinqinə ilk çıxışında adrenalinin damarlarında axdığını hiss etdiyi anda hər kəsin ona baxdığını dərk edib.
O deyir: “Başqalarının mənə çox diqqət etdiyini gördüm. Hətta bəziləri mənə belə boks edə bilməyəcəyimi dedilər. Mən isə: ‘Xahiş edirəm, biz sadəcə qaydaları dəyişdirmişik’, – dedim.”
Nassar rinqdə uğurlarını davam etdirib, bir çox insanlar arasında mövcud baxış bucağını dəyişib və inanclarından geri çəkilmədən dəfələrlə Berlin çempionu və milli çempion titulunun sahibi olub. Bununla belə, Beynəlxalq Boks Assosiasiyası (IBA) onu Avropa çempionatına dəvət etdikdə, yol onun üçün asan olmayıb; çünki beynəlxalq səviyyədə başörtüyünə qoyulan qadağa ilə üzləşib.
19 yaşında o, qaydaların qlobal səviyyədə dəyişdirilməsi üçün kampaniyaya başlayıb. O deyir: “Almaniya məni dəstəkləmirdi. Amma mən iddialı idim. Mən hər bir idmançının istədiyi ədaləti istəyirdim.”
2019-cu ildə IBA başörtüyünə qoyulan qadağanı ləğv etdi və Dünya Boksunun nəzarəti altında olan Olimpiya boksu da başörtüyündən və tam örtüklü geyimlərdən istifadəni rəsmən icazəli etdi.
İdmançı bildirir ki, onun ən böyük qələbəsi hər bir qadına həvəskar boksa hicabla çıxış etmək və öz istədiyi kimi görünmək imkanını qazandırması olub. Onun kampaniyası həvəskar boks dünyasının dəyişməsinə səbəb oldu və daha sonra, 2017-ci ildə Nike şirkətinin diqqətini çəkdi və o, yeni idman hicabının təqdimatında iştirak edən simalardan birinə çevrildi.
Bu arada, Dünya Boks Təşkilatı (WBO) geyim məsələsini yerli komissiyaların ixtiyarına buraxıb və Beynəlxalq Boks Federasiyası (IBF) də baş örtüyü ilə bağlı xüsusi qayda tətbiq etmir.
4319895