IQNA

Omanda Sultan Qabus Quran Müsabiqəsinin final mərhələsi keçirilir

12:14 - December 02, 2025
Xəbər sayı: 3499326
İQNA - Sultan Qabusun Quran müsabiqəsinin otuz üçüncü buraxılışının final mərhələsi sabah, çərşənbə günü Sultan Qabus Böyük Məscidində keçiriləcək.

“İQNA”-nın “Oman Daily”-yə istinadən verdiyi xəbərə görə, Sultan Qabus Ali Mədəniyyət və Elmlər Mərkəzi tərəfindən təşkil və nəzarət olunan bu müsabiqənin final mərhələsi sabah Məskətdə başa çatacaq.

Hifz və qiraət sahəsində ölkənin ən nüfuzlu yerli müsabiqələrindən sayılan bu yarış hər il Oman Sultanlığının müxtəlif vilayətlərindən çoxsaylı hafizlərin geniş iştirakı ilə müşayiət olunur.

Final mərhələsinin münsiflər heyətinin üzvü Abdullah bin Səid əl-Qənubi bildirib ki, müsabiqənin qiymətləndirmə meyarları dəqiqliklə müəyyənləşdirilib. Onun sözlərinə görə, ümumi bal 100-dür və belə bölünür: 75 bal hifz üçün, 20 bal təcvid (tilavət qaydaları) üçün və 5 bal icra üçün.

O əlavə edib ki, bu il münsiflər heyəti xüsusilə səsin keyfiyyəti, tilavətin axıcılığı, hürufların düzgün tələffüzü və xüsusiyyətlərinə diqqətlə yanaşıb.

Əl-Qənubi onu da qeyd edib ki, səhvlərin hesablanması sistemi çox dəqiqdir. Bir xəbərdarlığa görə yarım bal çıxılır. Əgər iştirakçı bir ayəni oxumağa başlayıb onu tamamlamazsa, tam bir bal silinir. Lakin iştirakçı komitənin müdaxiləsi olmadan səhvini düzəldərsə, heç bir cərimə yazılmır. Təcvid bölməsində isə hər səhvə görə yarım bal çıxılır, səhv təkrar olunsa belə.

Digər tərəfdən, ilkin mərhələnin münsiflər heyətinin üzvü İbrahim bin Həmud bin Hərb əl-Busəidi bildirib ki, müsabiqənin hər səviyyəsi üzrə adətən səkkiz iştirakçı finala vəsiqə qazanır. Bəzən iştirakçıların eyni bal toplaması səbəbilə bu say doqquza da çata bilir.

O diqqətə çatdırıb ki, bu il ilkin mərhələdə iştirak nəzərəçarpacaq dərəcədə artıb və ötən illə müqayisədə min nəfəri keçib. Bu artım iştirakçıların yüksək bacarığını göstərir; bir neçə iştirakçı Quran qiraəti üzrə bir neçə sertifikata malikdir. Bəziləri isə müsabiqəyə hazırlaşmaq üçün Oman Sultanlığından kənara səfər ediblər.

Əl-Busəidi vurğulayıb ki, bu qədər yüksək iştirak Oman cəmiyyətinin Quranın əhəmiyyətinə dair maarifinin və onun təlimlərinə bağlılığının göstəricisidir.

Münsiflər heyəti mümkün qədər çox iştirakçıya imkan yaratmaq üçün müxtəlif vilayətlərdə yerləşən 25 mərkəzi ziyarət edib. Bu mərkəzlərə Məskət, Şimali və Cənubi Batinə, Daxiliyyə, Şimali və Cənubi Şərqiyyə, Zəhira, Buraimi, Musandəm, Zəfər və Vusta vilayətləri, həmçinin Mərkəzi Həbsxana daxil idi.

Bu müsabiqə onilliklər ərzində əhəmiyyətli dərəcədə genişlənərək əvvəlcə yalnız iki mərkəz – Məskət və Səlalədə başladıqdan sonra bu günkü səviyyəyə çatıb. Genişlənmənin əsas səbəbi Quran hafizlərinin artan marağı olub. Bu il müsabiqədə müxtəlif səviyyələr üzrə ümumilikdə 2800 iştirakçı iştirak edib.

Sultan Qabusun Quran müsabiqəsi yaş və kateqoriyalara uyğun olaraq yeddi səviyyəni əhatə edir; bütün Quranın hifzindən tutmuş, yeddi yaşdan aşağı uşaqlar üçün iki cüzün hifzinə qədər. Müsabiqə Həfsin Asimdən qiraətinə əsaslanır.

4320371

captcha