IQNA

Fransanın cənubundakı məsciddə Qurana hörmətsizliklə bağlı istintaqa başlanılıb

12:38 - December 05, 2025
Xəbər sayı: 3499341
İQNA - Fransa daxili işlər naziri bu ölkənin cənubundakı bir məsciddə Qurana hörmətsizlik və təxribatla bağlı istintaqa başlanıldığını açıqlayıb.

“İQNA”-nın “Mobachir”-ə istinadən verdiyi xəbərdə bildirilir ki, Fransa daxili işlər naziri Loran Nunez cənubdakı Le Puy-en-Velay şəhərində yerləşən Ər-Rahmə məscidində baş verən təxribat və Qurana hörmətsizliklə bağlı istintaqa başlanıldığını bildirib. 

Nunez sosial şəbəkə X-də qeyd edib ki, dinlərə qarşı düşmənçilik aktlarının Fransanın Respublikasında yeri yoxdur və bu hadisəni sərt şəkildə pisləyib. 

Baş prokurorluq Le Progrès qəzetinə açıqlamasında bildirib ki, bir və ya bir neçə nəfər namazqılanların olmadığı vaxt məscidə daxil olub, heç bir motivasiya mesajı qoymadan Quran nüsxələrini cırıb və digər dini kitabları dağıdıb. 

Məscidin Facebook səhifəsində yayılan açıqlamada bir rəsmi şəxs bildirib ki, polis hadisə yerinə dərhal gəlib, barmaq izlərini toplayıb və təhlükəsizlik kamerasının görüntülərini götürüb. O əlavə edib: bu hadisə ciddi olsa da, yalnız maddi ziyanla məhdudlaşıb və müsəlman icması təhlükəsizdir. 

Regionun valisi İvan Kordye də məscidə tam dəstəyini ifadə edib və vurğulayıb ki, təhlükəsizlik qüvvələri bu hücumun şəraitini araşdırmaq üçün səfərbər olunub. 

Fransa Müsəlmanlar Şurası da hadisəni pisləyərək bunu “müsəlmanların müqəddəs kitabını ibadət məkanında hədəfə alan ciddi islamofob akt” adlandırıb və ölkədəki müsəlmanları belə hücumların təkrar olunmasının qarşısını almaq üçün ayıq-sayıq olmağa çağırıb. 

Məlumatlara görə, bazar günü gecə bir nəfər məscidə daxil olaraq ora ziyan vurub. Məscidin imamı sosial şəbəkə hesablarında açıqlama yayaraq bildirib ki, hadisə zamanı Quran nüsxələri yerə atılıb və cırılıb, mikrofonlar isə zədələnib. 

Müsəlman icmasının liderlərindən biri əlavə edib ki, məscidin imamı hamını əmin edib ki, heç kimə xəsarət yetirilməyib. 

Bu hadisə 18 noyabrda Ifop sorğu mərkəzi tərəfindən keçirilən “Fransadakı müsəlmanların islam və islamçılıqla münasibəti” adlı sorğudan sonra baş verib. 

Həmin sorğu qərəzsizliyi pozduğu və müsəlmanlara qarşı nifrəti alovlandırdığı üçün mənfi reaksiyalarla qarşılanıb. 

4320716

captcha