IQNA

Əl-Əzhərin Məhəmməd Rəfətin Qurani irsinə dəstəyi

11:42 - December 09, 2025
Xəbər sayı: 3499369
İQNA – Mərhum misirli qari Şeyx Məhəmməd Rəfətin nəvəsi, İslam dünyasının tanınmış qarisi olan bu şəxsiyyətin Qurani irsinin qorunması və dirçəldilməsi üçün Əl-Əzhər şeyxinin dəstəyindən xəbər verib.

“İQNA”-nın “Qahirə 24”-ə istinadla verdiyi məlumata görə, Hənə Hüseyn – Şeyx Məhəmməd Rəfətin nəvəsi – Əl-Əzhər şeyxi Əhməd ət-Tayiblə görüşdüyünü bildirib və qeyd edib ki, o, indiyədək heç yerdə yayımlanmamış Rəfətin tilavətlərindən ibarət 100 səs yazısının bərpası üçün əməkdaşlıq edəcəyinə söz verib. 

O, televiziya açıqlamasında əlavə edib: “Əl-Əzhər şeyxi yalnız bu səs yazılarının bərpasına dəstək verməklə kifayətlənməyib, həm də bu irsin Əl-Əzhərin veb-saytı vasitəsilə yayımlanacağını elan edib ki, orijinal nüsxələr gələcək nəsillər üçün qorunsun”. 

Hənə xatırladıb: “Bu nadir Quran tilavətləri xəzinəsi təsadüfən Şeyx Rəfət haqqında sənədli film hazırlanarkən üzə çıxıb. Sənədli film qrupu təxminən 75 il əvvəl Şeyx Rəfatın evindən onun səsini lentə alan Zəkəriyyə Paşa Mehranın nəvələrinə rast gəlib”. 

Şeyx Məhəmməd Rəfətin nəvəsi davam edib: “Bu hadisə zamanı ailə 100 səs yazısı olan bir qutuya rast gəlib ki, həmin tilavətlər indiyədək nə eşidilmiş, nə də yayımlanmışdı”. 

Hənə Hüseyn bildirib: “Bu kolleksiya bu bənzərsiz Qurani səsin tilavətlərinin böyük bir hissəsini təşkil edir və onun bərpası ilə Şeyx Məhəmməd Rəfətin Quran tilavətlərinin 70 faizini əldə etmiş olacağıq”. 

O, bu tilavətləri “həqiqi bir xəzinə” adlandıraraq vurğulayıb ki, bu itmiş səs yazılarının mövcudluğundan xəbər tutanda dərin təsirlənib. 

Hənə əlavə edib ki, hazırda bərpa və nəşr mərhələlərinin tamamlanması üzərində iş gedir və ümid edilir ki, bu irs gələn Ramazan ayından əvvəl yenidən dirçəldiləcək. 

4321658

Teqlər: misir ، Məhəmməd Rəfət ، qari ، İslam
captcha