“İQNA”-nın “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, Avstriyanın Aşağı Avstriya əyalətində yerləşən Holabrun şəhərində Albaniya Mədəniyyət Cəmiyyətinə aid məscid bazar ertəsi səhər tezdən naməlum silahlı şəxslərin hücumuna məruz qalıb.
Bu barədə Avstriya dövlət radiosu məlumat verərək bildirib ki, polis açıqlamasında hücum zamanı məsciddə heç kimin olmadığını təsdiqləyib.
Polisin açıqlamasında qeyd olunub ki, hadisə ilə bağlı istintaq başlanıb və hazırda hücum edənlərin kimliyi barədə heç bir ipucu yoxdur.
Açıqlamada həmçinin hücumun arxasında radikal motivin ola biləcəyi ehtimalının araşdırıldığı vurğulanıb.
Digər tərəfdən, Albaniya Mədəniyyət Cəmiyyətinin sədr müavini Rəsul Adəmi mətbuat açıqlamasında indiyədək heç kimlə problem yaşamadıqlarını və bu hücum xəbərini eşidəndə şoka düşdüklərini bildirib.
Adəmi dini müəssisələrin qorunmasının artırılmasının vacibliyini vurğulayıb.
17 dekabrda Avstriya İslam Cəmiyyəti son həftələrdə Avstriya müsəlmanlarına qarşı təxribatçı və təhdidedici mesajların artdığını açıqlamışdı.
Avstriyada yüz minlərlə müsəlman yaşayır və onlar ölkənin sosial toxumasının ayrılmaz hissəsini təşkil edirlər. Müsəlmanlar inteqrasiya, ayrı-seçkilik və nifrət təbliğatı ilə bağlı artan çətinliklərlə üzləşirlər ki, bu da uşaqların müdafiəsi və ya cəmiyyətin təhlükəsizliyi adı altında sıxışdırılma deyil, dialoqun və qarşılıqlı anlaşmanın gücləndirilməsini tələb edir.
Avropa İttifaqının Əsas Hüquqlar Agentliyinin “Avropada müsəlman olmaq və müsəlmanların təcrübələri” adlı hesabatında göstərilir ki, 2024-cü ildə Avstriyada 71 faiz, Almaniyada 68 faiz və Finlandiyada 63 faizlə İslamofobiya halları ən çox qeydə alınıb.
Avropada İslamofobiya ilə Mübarizə Təşkilatının 2024-cü il hesabatına görə, bu qurum tərəfindən qeydə alınan 1037 İslamofobiya cinayətinin 24 faizi kişilərlə, 76 faizi isə müsəlman qadınlarla bağlı olub. Bu cinayətlərin içində 402 hadisə hicablı qadınlara qarşı törədilib.
4324468