“İQNA”-nın “TRT”-yə istinadla verdiyi xəbərə görə, Türkiyədə yerləşən humanitar yardım qurumu – İHH İnsani Yardım Vəqfi – Qəzzada Əş-Şifa xəstəxanasının şərq hissəsini bərpa edərək yenidən fəaliyyətə başladığını bildirib.
Bu addım o şəraitdə atılır ki, Qəzzadakı Fələstin səhiyyə rəsmiləri bölgənin ən böyük müalicə kompleksində normal fəaliyyətin bərpası üçün hücumların yaratdığı geniş problemlər, avadanlıq və dərman çatışmazlığı ilə üz-üzədirlər.
Qurumun açıqlamasına görə, İsrailin Qəzzaya hücumları zamanı Əş-Şifa xəstəxanası ciddi dağıntılara məruz qalıb, bütün binaları hədəfə alınıb və yandırılıb. Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi 10 oktyabr 2025-ci ildə atəşkəs razılaşmasının icrasından sonra son iki ay ərzində bu müalicə mərkəzinin bəzi hissələrinin təmirinə başlamışdır.
Bununla belə, dağıntıların miqyası və resurs çatışmazlığı xəstəxananın tam şəkildə normal fəaliyyətə qayıtmasına mane olur; xüsusilə yerli rəsmilərin sözlərinə görə, tibbi avadanlıq, ləvazimat və dərmanların bölgəyə daxil olması ciddi maneələrlə üzləşir.
İHH İnsani Yardım Vəqfi Qəzzada səhiyyə xidmətlərinin bərpasına kömək məqsədilə yeni təşəbbüsə başladığını açıqlayıb. Bu təşəbbüs çərçivəsində və müharibədən zərər çəkmiş sakinləri dəstəkləmək üçün aparılan bərpa işlərinin bir hissəsi olaraq Əş-Şifa xəstəxanasının şərq bölümü yenidən qurulub və xidmət göstərməyə başlayıb.
Qurumun məsul şəxsləri bildiriblər ki, böyük çətinliklərə baxmayaraq bərpa layihəsi uğurla başa çatıb və xəstəxananın bu hissəsi yenidən xidmət dövriyyəsinə daxil olub. Qurumun açıqlamasında vurğulanıb: “Şəraitin qeyri-mümkün olduğu deyilirdi və yenidən dağıdılma qorxusu vardı, lakin biz dağıdılmışı bərpa etməyə başladıq və bu gün səylərimizin nəticəsini görürük.”
Açıqlamada həmçinin qeyd olunub ki, Əş-Şifa xəstəxanası yerli sakinlərə fasiləsiz tibbi xidmət göstərməyə davam edəcək. Qurum əlavə edib ki, Qəzzada humanitar yardımlar və bərpa səyləri davam etdiriləcək.
Bu hadisələr o şəraitdə baş verir ki, Qəzzadakı Fələstin Dövlət Media Ofisinin sözlərinə görə, İsrail 10 oktyabrda atəşkəsin icrasından sonra razılaşmanın humanitar protokollarına – o cümlədən fövqəladə sığınacaq vasitələrinin, çadırların və mobil yaşayış vahidlərinin bölgəyə daxil edilməsinin asanlaşdırılmasına – riayət etməyib.
İsrailin Qəzzaya hücumları 8 oktyabr 2023-cü ildən başlayaraq iki ildən çox davam etmiş və açıqlanan statistikaya görə, 70 mindən çox insanın ölümü, 171 mindən çox insanın yaralanması ilə nəticələnmiş, bölgənin mülki infrastrukturunun təxminən 90 faizi dağıdılmışdır.
4324561