“İQNA”-nın “Əxbarul-Yəvm”-ə istinadən verdiyi xəbərə görə, nazirlik bildirib ki, bu sistem zəvvarların hərəkət axınının asanlaşdırılmasına, izdihamın idarə olunmasının səmərəliliyinin artırılmasına və Həcc mövsümü boyunca sahə qərarlarının dəstəklənməsinə kömək edir.
Nazirlik vurğulayıb ki, bu addım “Nusuq” kartının təşkilati və texniki vasitə kimi rolunun davamıdır. Kart zəvvara öz şəxsiyyətini təsdiqləmək və təsdiqlənmiş üsullarla xidmətlərə çıxış imkanı verir və vahid icazə platformasına bağlıdır. Bu isə müqəddəs məkanlara və Məscidül-Hərama girişin idarə olunmasına, zəvvarların məlumatlarının təsdiqinin səmərəliliyinin artırılmasına xidmət edir.
Nazirlik əlavə edib ki, kart həm kağız, həm də rəqəmsal formatda elektron kanallar vasitəsilə məlumat və xidmətlərə çıxış imkanı yaradır. Bu isə rəqəmsal həllərin genişlənməsinə, cavabvermə sürətinin artmasına və zəvvarın səyahətinin müxtəlif mərhələlərində xidmətlərin daha səmərəli təqdim edilməsinə kömək edir.
Həmçinin qeyd olunub ki, “Nusuq” kartı zəvvarların məkanlar və xidmətlər arasında hərəkətinin təşkilinə yardım edir. Bu, əməliyyat qruplarına zəvvarların məlumatlarını dəqiq müəyyənləşdirməyə imkan verir ki, nəticədə hərəkət axını asanlaşır, zəvvarların itməsinin qarşısı alınır, düşərgələrə və nəqliyyat vasitələrinə giriş nizamlanır və müxtəlif qurumlar arasında əməkdaşlıq güclənir.
Səudiyyə rəsmilərinin açıqlamasına görə, zəvvarların ölkələrində “Nusuq” kartının əvvəlcədən paylanması səyahətqabağı hazırlıqların gücləndirilməsinə, hərəkətin təşkilinə və müqəddəs məkanlara girişin vahid əməliyyat sistemi çərçivəsində nəzarətinə kömək edir.
Həcc və Ümrə Nazirliyi zəvvarlardan kartı özlərində saxlamalarını və hərəkətin bütün mərhələlərində, eləcə də məkan və xidmətlərə daxil olarkən ondan istifadə etmələrini istəyib. Nazirlik vurğulayıb ki, bu kart Məkkə, Məscidül-Hərəm, müqəddəs məkanlar və Mədinədəki Rövzəyi-Şərifəyə giriş üçün əsas şərtdir. Bundan əlavə, kart şəxsiyyətin təsdiqi və hərəkətin tənzimlənməsi proseslərini asanlaşdıraraq zəvvarların təhlükəsizliyinin artırılmasına və təqdim olunan xidmətlərin keyfiyyətinin yüksəldilməsinə töhfə verir.
Xəbər24 yazıb ki, Həcc 1446 mövsümündə 1,6 milyondan çox kart, həmçinin 90 mindən çox əməkdaş kartı paylanıb. Bu, Nazirliyin Həcc sistemini dəstəkləyən təşkilati vasitələr və rəqəmsal xidmətlərin inkişafı istiqamətində səylərinin bir hissəsidir.
4350091