“İQNA”-nın “Ava əl-ərəbi”yə istinadən verdiyi xəbərə görə, "Şeyx əl-hədis" kimi tanınan Mövlana Məhəmməd İdris, Xeybər-Paxtunxva əyalətinin keçmiş parlament üzvü və Cəmiyyəti Uləmayi İslamın məşvərət şurasının üzvü ötən çərşənbə günü Pakistanın şimal-qərbindəki Xeybər-Paxtunxva əyalətində yerləşən Çarsadda şəhəri yaxınlığında naməlum silahlıların hücumuna məruz qalaraq öldürülüb.
Terrorçu İŞİD Xorasan qrupu bu qətlin məsuliyyətini üzərinə götürüb.
Əfqanıstan Talibanının (başçılıq edən hökuməti) müvəqqəti müdafiə naziri Molla Yəqub, müvəqqəti xarici işlər naziri Əmir Xan Müttəqi və müvəqqəti xarici işlər nazirliyinin sözçüsü Zəbihullah Mücahid bu gün ayrı-ayrı telefon danışıqlarında Pakistan İslam Alimləri Cəmiyyətinin rəhbəri Mövlana Fəzlür-Rəhmanla danışaraq bu alimin qətlini pisləyiblər.
Onlar bildiriblər ki, Əfqanıstan xalqı bu kədərli hadisədə Pakistan xalqı ilə həmrəylik ifadə edir.
Bundan əvvəl Pakistanın baş naziri Şahbaz Şərif də Mövlana İdrisin qətlini pisləyərək, təhlükəsizlik orqanlarının bu terror hücumunun təşkilatçılarını müəyyənləşdirmək və həbs etmək üçün tədbirlər görəcəyini bildirmişdi.
Cəmiyyəti Uləmayi İslamın rəhbəri Mövlana Fəzlür-Rəhman da bəyanat yayaraq "Şeyx əl-hədis" Mövlana İdrisin qətlini pisləyib və Pakistan hökumətinin bu hücumun təşkilatçılarını müəyyənləşdirmək üçün təcili tədbir görməsini tələb edib.
Son illərdə Cəmiyyəti Uləmayi İslamın siyasi toplantıları və bu partiyanın fəal üzvləri Xeybər-Paxtunxva və Bəlucistan əyalətlərində dəfələrlə radikal və terrorçu qrupların, xüsusilə də terrorçu İŞİD qrupunun hücumlarına məruz qalıb.
Mövlana Fəzlür-Rəhman 2023-cü ildə terrorçu İŞİD qrupu tərəfindən ölümlə hədələnmişdi.
4351087