“İQNA”-nın Qətər Xəbər Agentliyinə (QNA) istinadən verdiyi xəbərə görə, Qətər hökuməti israilli ifratçıların Məscidül-Əqsaya basqınını və işğalçı qüvvələrin himayəsi altında həyata keçirilən təxribatçı hərəkətləri pisləyib, bu hərəkəti beynəlxalq qanunların açıq pozuntusu, dünyanın hər yerində milyonlarla müsəlmanın hisslərini təhqir etmə və işğal olunmuş Qüdsdə, İslam və xristian müqəddəslərində yeni bir reallığı tətbiq etmək üçün təhlükəli cəhd kimi təsvir edib.
Qətərin Xarici İşlər Nazirliyi dövlət agentliyi tərəfindən çərşənbə axşamı günü yayılan bəyanatında vurğulayıb ki, Məscidül-Əqsa tamamilə müsəlmanlara məxsus bir yerdir və Qüdsdə və onun müqəddəs yerlərində mövcud tarixi və hüquqi statusu dəyişdirmək məqsədi daşıyan bütün birtərəfli tədbirlər beynəlxalq qanunlara əsasən etibarsız və keçərsizdir.
Nazirlik xəbərdarlıq edib ki, bu pozuntuların və təkrarlanan təxribatların davam etməsi regionda zorakılıq dövrlərini və gərginliyin artmasını gücləndirir və gərginliyin azaldılması ilə sabitlik imkanlarını zəiflədir.
Qətər bir daha beynəlxalq ictimaiyyəti sionist rejimi işğalçı qüvvə olaraq Fələstin xalqına və onların müqəddəs yerlərinə qarşı davamlı pozuntularını dayandırmağa və müvafiq beynəlxalq qətnamələrə riayət etməyə məcbur etmək üçün təcili tədbirlər görməyə çağırıb.
Bu ölkə həmçinin Fələstin məsələsinə və Fələstin xalqının dözümünə qeyd-şərtsiz dəstəyini, işğalın sona çatmasını təmin etmək və fələstinlilərin öz müstəqil dövlətini qurmaq da daxil olmaqla qanuni hüquqlarını əldə etmək imkanlarını gücləndirmək öhdəliyini bir daha təsdiqləyib.
Ötən gün bir qrup köçkün Məscidül-Əqsa həyətlərinə hücum edərək, bu rejimin polisinin himayəsi altında sionist rejimin bayrağını qaldırıb və məscidin həyətində təxribat xarakterli hərəkətlər ediblər.
4355647