“İQNA”-nın "Təvasul" xəbər şəbəkəsinə istinadən verdiyi məlumata görə, Quranın tacik dilində audio tərcümə xidməti "Kral Fəhd" kompleksinin Quranın xidmətində yeni texnologiyalardan istifadə etmək və müsəlmanların müxtəlif dillərdə Quranın mənalarına çıxışını asanlaşdırmaq istiqamətindəki davamlı səyləri çərçivəsində reallaşdırılıb.
Kompleksdən verilən məlumata görə, bu xidmət istifadəçilərə vəhyin mənalarının tacik dilindəki audio tərcüməsini dinləmək imkanı verir.
Surələr və ayələr arasında keçid etmək, eləcə də audio faylları tam şəkildə və ya ayrı-ayrı surə və ayələr üzrə yükləmək imkanı bu xidmətin üstünlüklərindəndir. Bu funksiyalar dünyanın hər yerindəki istifadəçilər üçün çevik və rahat bir rəqəmsal təcrübə təmin edir.
Mədinədəki "Kral Fəhd" Quran çapı kompleksi bu xidmətin yüksək keyfiyyətli səs yazısı, aydın icra və Quran ayələrinin mənalarının çatdırılmasında dəqiqliyi ilə seçildiyini vurğulayaraq, bu xüsusiyyətlərin tacikdilli istifadəçilərin Quranın mənalarını daha yaxşı dərk etməsinə və ayələr üzərində təfəkkür etməsinə kömək edəcəyini bildirib.
Yeni audio tərcümənin istifadəyə verilməsi "Kral Fəhd" kompleksinin rəqəmsal xidmətlərini inkişaf etdirmək, elektron məzmununu zənginləşdirmək, Quranın mənalarının etibarlı tərcümələrini müasir vasitələrlə təqdim etmək, habelə Quranın mesajının yayılmasını gücləndirmək və onun mənalarını dünyanın hər yerindəki müsəlmanlara çatdırmaq istiqamətindəki səylərinin bir hissəsidir.
4357766