"Əl-Aləm"in məlumatına istinadən, İraqın Ali İslam Şurası bəyanat yayaraq, ABŞ və Səudiyyə Ərəbistanının Həşdi-Şəbi qüvvələrinin mövqelərinə birgə hücumunu kəskin şəkildə pisləyib və bunu İraqa və onun təhlükəsizlik qüvvələrinə qarşı təcavüz adlandırıb. Şura bildirib ki, bu hücum çox sayda Həşdi-Şəbi qüvvəsinin şəhid olması və yaralanması ilə nəticələnib.
İraqın Ali İslam Şurasının sözçüsü Əli Fazil əl-Difaəi bəyanatda hücumun vaxtlamasına təəccübünü bildirərək vurğulayıb ki, bu addım İraq hökumətinin Fars körfəzi ölkələri ilə münasibətlərdə yeni səhifə açmaq cəhdləri ilə eyni vaxtda və İraqın Baş nazirinin ABŞ-a səfəri və iqtisadi əməkdaşlığın inkişafı istiqamətində 48 anlaşma memorandumu imzalamasından sonra baş verib.
O, əlavə edib ki, bu təcavüz ABŞ və sionist rejimin regional təhlükəsizlik və iqtisadi sahələrdə qarşılıqlı anlaşmaların formalaşmasının qarşısını almaq, regional ölkələri xarici müdaxilələrdən uzaqlaşdırmaq, eləcə də İraqın regional ölkələr arasında əməkdaşlıq və vasitəçilik mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə mane olmaq üçün birgə səyləri çərçivəsində qiymətləndirilə bilər.
İraqın Ali İslam Şurası sonda bu hücumun İraqın təhlükəsizlik qüvvələri və xalqının iradəsində heç bir çat yaratmayacağını vurğulayaraq bildirib ki, bütün sui-qəsdlər İraq xalqının iradəsi qarşısında uğursuzluğa düçar olacaq. Şura həmçinin Həşdi-Şəbi şəhidlərinə Allahdan rəhmət, yaralananlara isə təcili şəfa diləyib.
4366969