IQNA

İngiltərədə məscid qarşısında baş verən atışmadan sonra bir nəfər saxlanılıb

20:36 - July 30, 2026
Xəbər sayı: 3500863
İQNA- İngiltərə polisi, York şəhərindəki bir məscidin qarşısında hava tüfəngi olduğu ehtimal edilən odlu silahla atəş açan bir şəxsin saxlanıldığını açıqlayıb.

"İQNA"nın "Yorkshire Post"a istinadən verdiyi məlumata görə, hadisə cümə axşamı gecə saat 02:19 radələrində York Məscidi və İslam Mərkəzinin qarşısında baş verib.

Şimali Yorkşir polisi, hadisə ilə bağlı Yorkda yaşayan 44 yaşlı, ağdərili, Britaniya vətəndaşı olan bir kişinin saxlanıldığını bildirib.

Polisin məlumatına görə, istifadə olunan silahın hava tüfəngi olduğu ehtimal edilir. Hadisə nəticəsində xəsarət alan olmayıb və araşdırmalar davam edir.

Polis əlavə edib ki, şübhəli şəxs hadisədən sonra gümüşü rəngli bir avtomobillə hadisə yerindən qaçıb, lakin avtomobil müəyyən edilib və məmurlar onu saxlayıblar. Həmin şəxs istintaq üçün hazırda həbsdədir.

Şimali Yorkşir polisinin bəyanatında deyilir: "Bu narahatedici hadisənin mümkün motivləri barədə fikir bildirmək hələ tezdir, lakin Yorkun müsəlman icması əmin ola bilər ki, biz bu məsələnin bütün detallarının aydınlaşdırılması üçün əlimizdən gələni edirik".

Polis həmçinin bildirib ki, məmurlar namaz vaxtı məscid ətrafında patrul xidməti aparacaq və məscidin imamı ilə də görüşəcəklər.

Şahidlərdən, həmçinin müşahidə kameraları və ya avtomobil kamerası vasitəsilə çəkilmiş görüntüləri olan şəxslərdən məlumatlarını Şimali Yorkşir polisinə təqdim etmələri xahiş olunur.

4367139

Teqlər: ingiltərə ، məscid ، hücum ، atışma
captcha