IQNA

Fələstinin Ali Fətva Şurasının sionistlərin məscidləri yandırmasına reaksiyası

20:43 - July 30, 2026
Xəbər sayı: 3500864
İQNA- Fələstinin Ali Fətva Şurası ekstremist sionist məskunlaşanların müqəddəs məkanlara və ibadət yerlərinə qarşı təşkil olunmuş hücumlarının güclənməsini pisləyib. Bu hücumların sonuncu nümunəsi Nablus və Tulkərimdə iki məscidin yandırılması və onların divarlarına irqçi şüarların yazılmasıdır.

"İQNA"nın "Vəfa" agentliyinə istinadən verdiyi məlumata görə, Fələstinin Ali Fətva Şurası cümə axşamı yaydığı bəyanatda bildirib: "Məscidlərin yandırılması ibadət yerlərini və İslamın müqəddəs dəyərlərini hədəf alan mütəşəkkil bir cinayətdir. Bu, İsrailin bütün Fələstin ərazilərində dini ayinlərə qarşı təzyiq, sıxışdırma və təcavüz siyasəti çərçivəsində həyata keçirilir. Bu hərəkət həm də sionist rejimi rəsmilərinin və ekstremist məskunlaşanların İslamın müqəddəs dəyərlərinə qarşı törətdikləri cinayətlər siyahısına əlavə olunur. Bütün bunlar həmin rejimin fələstinlilərin varlığını və onların dini hüquqlarını hədəf almaq, müqəddəs yerlərə təcavüz etmək üçün qurduğu təhlükəli və planlı siyasətdən qaynaqlanır".

Ali Fətva Şurası əlavə edib: "Sionist rejiminin cinayətləri dəhşətli dərəcədə çirkinlik, qəddarlıq və insanların həyatına və malına qarşı etinasızlıq səviyyəsinə çatıb. Bu hərəkətlər işğalçı rejimin ordu və polisinin tam dəstəyi ilə, Fələstin torpağında fəsad və viranəçilik törədən, bütün müsəlmanların hisslərini təhqir edən qana susamış məskunlaşan qruplar tərəfindən həyata keçirilir".

Şura həmçinin sionist rejim rəsmilərinin və ekstremist məskunlaşanların Məscidül-Əqsaya təkrar-təkrar və artan hücumlarına, habelə onun gündəlik təhqir edilməsinə etiraz edərək bildirib: "İşğalçı qüvvələr Məscidül-Əqsanın girişlərində və Köhnə şəhər ətrafında sərt məhdudiyyətlər tətbiq edərək, məscidin həyətlərində hərbi mövcudluğunu artırır və namaz qılanların girişinə mane olur. Eyni zamanda, ekstremist məskunlaşanların məscidin həyətinə hücumlarını gücləndirir və onlar orada Talmud ayinlərini yerinə yetirirlər".

Bəyanatın davamında deyilir: "Bu hərəkətlər Məscidül-Əqsanın zaman və məkan bölgüsünü tətbiq etmək üçün hazırlanmış mütəşəkkil planlar çərçivəsində baş verir. Bu, İslamın müqəddəs dəyərlərinin toxunulmazlığının açıq şəkildə pozulması, məsciddə hökm sürən tarixi və hüquqi statusa qarşı ciddi təcavüzdür və işğalçı rejimin Fələstin xalqına və onların müqəddəs yerlərinə qarşı nə qədər irqçi olduğunu nümayiş etdirir".

Ali Fətva Şurası vurğulayıb ki, bu hücumlar yalnız Fələstin xalqının öz torpaqlarına və müqəddəs yerlərinə olan bağlılığını, dözümlülüyünü və əzmini daha da gücləndirəcək.

Bu mövqe Qüdsün və Fələstin ərazilərinin müftisi, Ali Fətva Şurasının rəhbəri Şeyx Məhəmməd Hüseynin sədrliyi ilə keçirilən Şuranın 238-ci iclasında səsləndirilib.

Fələstinin müxtəlif əyalətlərindən olan şura üzvlərinin iştirakı ilə keçirilən iclasda həmçinin gündəlikdəki fiqhi məsələlər də araşdırılıb.

4367138

Teqlər: fələsin ، sionist ، israil ، məscid
captcha