IQNA

13:49 - August 16, 2026
Xəbər sayı: 3500970

Məscidi müdafiə edən nepallı vətəndaşa ümrə mükafatı

İQNA – Bir qrup səudiyyəli fəal Nepalda məscidi müdafiə edən bir kişiyə ümrə ziyarəti hədiyyə edərək ona təşəkkür ediblər.

"İQNA"nın "Arab News"-a istinadən verdiyi məlumata görə, Nepalda bir məscidi müdafiə edən əlil müsəlman kişi haqqında video sosial mediada yayılanda o, öz cəsarətinin onu günün birində Məkkəyə ümrəyə aparacağını təsəvvürünə belə gətirə bilməzdi.

Hadisə yanvarın sonlarında baş verib. O zaman yayılan genişmiqyaslı bir videoda Nepalın Rautahat bölgəsindəki məscidə hücum etməyə çalışan izdihamın qarşısında bir ayağı olmayan və əlində əsa ilə dayanan müsəlman vətəndaş görünürdü.

Bu film bütün İslam dünyasında insanları dərindən təsirləndirdi və səudiyyəli fəallar videodakı həmin kişini tapmaq üçün kampaniyaya başladılar.

Onların axtarışları nəhayət nəticə verdi və nepalı Şeyx Rəhmullah üçün unudulmaz bir səyahətin qapısını açdı. O, cəsarətinə görə qiymətləndiriləcəyini və həyatını dəyişə biləcək bir kömək təklifi alacağını heç gözləmirdi.

5 avqust 2026-cı ildə Rəhmullah məscidi müdafiə etdiyi mövqeyinə görə səudiyyəli xeyriyyəçilər və təşkilatçılar tərəfindən maliyyələşdirilən səfərlə, ümrəni yerinə yetirmək üçün valideynləri ilə birlikdə Səudiyyə Ərəbistanına gəldi.

32 yaşlı Rəhmullah və valideynləri Məkkədə qaldıqları müddətdə yerli sakinlərin hədiyyələri və səmimi mehribanlığı ilə qarşılandılar.

Bu təşəbbüs onu sadəcə ümrə üçün Məkkəyə gətirməklə məhdudlaşmadı; Səudiyyənin "Badr" cəmiyyəti də ona protez ayaq düzəltdirməyi öhdəsinə götürdü.

Onunla birlikdə olanlardan biri Səudiyyə Ərəbistanında olmaqdan duyduğu sevincdən və onunla əlaqə saxlayanlara olan minnətdarlığından bəhs etdi.

Hindistanın Kerala ştatından olan və sosial şəbəkələr üçün ərəb dilində vizual, mədəni məzmunlar hazırlayan gənc müsəlman kontent yaradıcısı Məhəmməd Rəfi bu nepalı kişi və ailəsi ilə görüşərək Səudiyyə Ərəbistanındakı qaldıqları müddətdə onları müşayiət edib.

O, "Arab News"-a verdiyi müsahibədə deyib: "Rəhmullah ilk növbədə Allahın, sonra isə bir qrup qardaşın lütfü ilə ümrəni yerinə yetirə bildi. O, Məkkə və Mədinədə özünə və ailəsinə göstərilən qonaqpərvərlikdən çox məmnundur".

O, sözlərinə belə davam edib: "Əminəm ki, o, bu səfəri heç vaxt unutmayacaq. Ümrəni yerinə yetirdiyi üçün sevinci sözlə ifadəolunmaz idi. Onun hekayəsi həqiqətən ilhamvericidir və o, səbr, dözümlülük və imanın təcəssümüdür. Allah bu qəhrəman kişinin qonaq edilməsində əməyi olan hər kəsin mükafatını versin".

Rəfinin dediyinə görə, Rəhmullah və ailəsi avqustun 14-də gözəl xatirələrlə və səudiyyəlilərə, həmçinin bu səfərdə əməyi keçən hər kəsə olan minnətdarlıq hissi ilə Nepal yola düşüblər.

4369988

captcha