
Misrin müftisi Şövqi Əllam "Səda əl-Bələd" peyk televiziya kanalı ilə yayımlanan proqramda evdə it saxlamaq, itə təlim keçmək və itin nəcis və ya pak olması barədə sualı cavablandırıb.
O deyib: Bu barədə alimlərin fərqli görüşləri var. Onların çoxu itin nəcis olduğunu deyirlər. Amma Maliki məzhəbinə görə - ki, biz də onun əsasında fətva veririk, it nəcis deyil, pakdır. İtlə yaşamağın eybi yoxdur. Əgər namazqılan şəxsin libası itin ağzının suyuna toxunarsa, namazın işkalı yoxdur və səhihdir.
Müftinin bu açıqlaması qalmaqala səbəb olub. Misrin İslami Fondalr Nazirliyinin "Seyyid Nəfisə məscidi"nin xətibi və imam camaatı Abdullah Rüşdü bu açıqlamaya etiraz olaraq öz "facebook" səhifəsində yazıb: Bütün İslami məzhəblər, o cümlədən də Maliki məzhəbi itin ağzının suyunun nəcis olması barədə ittifaq ediblər. Əgər namazqılanın libası itin ağzının suyu ilə təmasda olarsa, yuyulmalıdır. Maliki məzhəbindən başqa digər məzhəblər həmin libas və ya bədənin yuyulmasını vacib bilirlər.
O əlavə edib: Bütün məzhəblər ittifaq ediblər ki, itin ağınızın suyu dəstəmazı batil etmir. Libas itin ağzının suyu ilə təmasda olarsa, dəstəmaz səhihdir, amma namaz üçün libas və bədən mütləq paklanmalıdır.
"Seyyid Nəfisə məscidi"nin xətibi və imam camaatı Abdullah Rüşdü vurğulayıb: Bütün məzhəblər evdə məntiqi bir səbəb (çoban iti, ov iti və qapını qoruyan it) olmadan it saxlamağı caiz bilmir. Əyləncə üçün it saxlanılan evə mələklər girməz. /3917146