IQNA

Quranı hifzdən bilən savadsız kəndçi kişi

9:42 - September 15, 2021
Xəbər sayı: 3490746
Saruq əhlindən olan Kərbəlayi Kazım Kərimi savadsız olmağına baxmayaraq, Allahın lütfü ilə Quran hafizi olmuşdur. Ona görə də Kərbəlayi Kazım Saruqi adı ilə məşhur olmuşdur.

Kərbəlayi Kazim Saruqinin əhvalatı hazırlıqlı qəlbə iman nurunun saçmasından danışır. Allah bu qəlbi öz nurunun qəbuluna hazırlamışdır. Bu şəxs Allah tərəfindən dostluğa seçilmişdir. Haqqında danışılacaq bu gənc dindən bildiyi az şeyə təlaşla əməl etmiş, bu yolda zəhmət çəkmişdir.

Möcüzə adlandırdığımız bu əhvalat qəlbin iman nuruna hazırlıqlı olma zərurətini göstərir. Dost sevgisi qazanmaq üçün zəhmət lazımdır. İnsan öz bildiyinə əməl etməklə müvəffəq olur. Təlaşsız, alın təri axıtmadan iman nuru qazanmaq mümkünsüzdür. Bu imanlı gənc illər uzunu vətəndən ayrılığa dözmüş, yoxsulluğun ağrısını çəkmişdir. Amma Allaha olan imanını heç bir qiymətə əldən çıxarmağa razı olmamışdır.

 

kod

 


Kimdir Kərbəlayi Kazim? Çoxları onun haqqında eşidib. O öz səfa-səmimiyyəti sayəsində Allahın diqqətini qazandı. Bəlkə də uzun əsrlər ötəcək və ikinci belə şəxs olmayacaq. Bu şəxs bir gecəyə Quran hafizi oldu. Elə bir hafiz ki, mislini tapmaq çətindir.

Ərak məntəqəsində Saruq kəndində 100 il bundan qabaq bir uşaq dünyaya göz açdı. 27 il sonra onu əsrin möcüzəsi kimi tanıyırdılar. Doğrudan da onun başına gələnlər bir möcüzə idi. Ətrafımızda Quran hafizləri kifayət qədərdir. Amma onların hər biri uzun illər, böyük zəhmətlər bahasına Quranı əzbərləmişdi. Ən böyük Quran hafizlərində belə Kərbəlayi Kazimdə olan dəqiqliyi görmürük.

Kərbəlayi Kazim doğulduğu kənddə əkinçiliklə məşğul idi. Kənddə ağalardan birinin torpağında əkinçilik edirdi. Pak, səmimi bir gənc idi. Ramazan ayı çatmışdı. Məscid və minbər rövnəqlənmişdi. Başqa bir məntəqədən təbliğ üçün ruhani gəlmişdi. Kənd əhalisi ondan şəriət məsələləri soruşurdular. Bir gün ruhani minbərdə söhbətində dedi ki, buğdası nisab həddinə çatanlar zəkat verməlidir, verməsələr mallarında haram var. Bu söz pak qəlbli Kərbəlayi Kazimə çox təsir etdi. Yada saldı ki, torpağında işlədiyi ağa xüms-zəkat vermir. Kərbəlayi Kazim başa düşdü ki, onun da məhsuldan aldığı qazanc haramdır. Əvvəlcə ağanın görüşünə getdi. Ona xüm-zəkat verməyi təklif etdi. Ağa imtina etdi. Kərbəlayi Kazim məcbur qalıb yeni iş ardınca getdi. O başqa bir kənddə işləyir, ağır yoxsulluq içində yaşayırdı. Nəhayət əvvəlki torpağın sahibindən xəbər gəldi ki, tövbə edib, xüms-zəkatını ödəyib və Kərbəlayi Kazimin yolunu gözləyir.

Bir müddət sonra bütün məntəqədə məşhurlaşacaq Kərbəlayi Kazim ağanın təklifini qəbul edib Saruqa qayıtdı.

Kərbəlayi Kazim hər il xırman vaxtı ağanın buğdasını ayırar, elə orada zəkatı sahibinə çatdırardı. O gələn il üçün toxumluq buğdanı seçər, bir illik ehtiyacını götürüb qalan miqdarı yoxsullar arasında paylayardı. Bir dəfə məhsul yığımı zamanı axşam evə dönərkən hər il məhsuldan pay verdiyi kəndli ilə rastlaşdı. Bu şəxs Kərbəlayi Kazimə dedi: "Bu il bizi yaddan çıxarmısan, uşaqlarım ac qalıb." Kərbəlayi Kazim dedi ki, onu yaddan çıxarmayıb, sadəcə hava əlverişli olmadığından hələ ki, buğdanı bölə bilməyib. Kəndliyə söz verdi ki, səhəri gün onun buğda payını çatdırsın. Amma kəndlinin nigarançılığı Kərbəlayi Kazimi rahat buraxmadı. Yenidən sahəyə qayıtdı böyük zəhmətlə bir qədər buğda təmizləyib kişinin evinə üz tutdu. Həftado do tən İmamzadəsinə çatanda dayandı, İmamzadəni ziyarət etdi, qapıda oturdu ki, nəfəsini dərsin. Bu vaxt iki nəfərin ona yaxınlaşdığını gördü. Onların seyid, şərafətli insan olduğu zahirlərindən bilinirdi. Yaxınlaşıb Kərbəlayi Kazimə adı ilə müraciət etdilər. Dedilər ki, qalx birlikdə ziyarətə gedək. Kərbəlayi Kazim ziyarət etdiyini söylədi. Seyidlər dedilər: "Bizimlə birlikdə də ziyarət et."

Kərbəlayi Kazim ayağa qalxıb onların ardınca getdi.

Kərbəlayi Kazimin oğlu hadisəni belə nəql edir:

Ziyarətdən, fatihə oxuyandan, namaz qılıb dua edəndən sonra seyidlərdən biri ziyarətgahın tavanına işarə edərək atama deyir: "Bu kitabələrə bax və oxu." Atam göstərilən yerə baxır və orada nurani xətlər görür. Yazılar sanki qızıl suyu ilə yazılıbmış. İmamzadəyə dəfələrlə gəlmiş atam bu xətləri heç vaxt görməyibmiş. Kərbəlayi Kazim deyir ki, mən mədrəsəyə getməmişəm, savadım yoxdur, oradakı yazıları görsəm də oxumağı bacarmıram. seyidlərdən biri buyurur: "Məhəmməd Kazim! Oxu. Sən oxuya bilirsən." Atam yenə də deyir ki, onun savadı yoxdur. Seyid buyurur: "Sən bacaracaqsan, de ki, innə rəbbəkumullahulləzi xələqəs-səmavati vəl ərzə fi sittəti əyyam... (Əraf, 54)".

Seyidlərdən biri ayəni oxuyan zaman o biri seyid əlini ayəni təkrarlayan Kərbəlayi Kazimin sinəsinə çəkir. Kərbəlayi Kazim seyidin Quran oxunuşuna elə valeh olur ki, özünə gələndə ziyarətgahda tək olduğunu görür. Artıq sualları qəlbində qalır. Bir dünya təəssüflə seyidlər barədə düşündüyü zaman huşunu itirir. Kərbəlayi Kazim sübhün nəsiminə yuxudan oyanır. Sübh namazını qılandan sonra evə üz tutur. Hiss edir ki, qəlbi mənasını bilmədiyi sözlərlə doludur. O bu sözləri zümzümə edir. Nəhayət başa düşür ki, Quranı əzbər bilir. Kənd ruhanisinin yanına gedib əhvalatı danışır. Kərbəlayi Kazimin savadsız olduğunu bilənlər üçün bu hadisəyə inanmaq çətin idi. Amma hər şey göz qabağında idi, Kərbəlayi Kazim Quranı əzbərdən oxuyurdu.

Dövrünün böyük alimləri Kərbəlayi Kazimi imtahandan keçirib və onun möcüzə yaşadığını təsdiq ediblər. Mərhum Ayətullah Seyid Məhəmmədtəqi Xansari dövrünün böyük təqlid mərcələrindən olub. Bu şəxsin qıldığı yağış namazı məşhurdur. O Kərbəlayi Kazimdən imtahan götürüb, sonda Bəqərə surəsini sondan başlanğıca, yəni əksinə oxumasını istəyib. Kərbəlayi Kazim səhvə yol vermədən alimin istəyini yerinə yetirib.

Ayətullah Şəhristani Nəcəf Elm Hövzəsinin böyük alimlərindən olub. Özü Quran hafizi olan Ayətullah Şəhristani Kərbəlayi Kazimin Quran hifzi məharətinə heyrət edib. Alim Kərbəlayi Kazimi İraqa aparıb, Quran hafizləri ilə məclislər qurub. Ərəb hafizləri Kərbəlayi Kazimi imtahana çəkib. Hamı yekdil olaraq bu şəxsin məharətini təsdiq edib.

Ayətullah Bürucerdi Kərbəlayi Kazimdən hansı ayəni soruşubsa dərhal həmin ayəni oxuyub. Hətta Ayətullah Bürucerdi Quran ayəsi oxuyarkən Kərbəlayi Kazim onun səhvini tutub və Qurana baxdıqda onun haqlı olduğuna əmin olublar. Qumun məşhur alimlərindən olan Ayətullah Cəfər Sübhani deyir: "Bir gün Feyziyyə mədrəsəsinin həyətinə daxil olanda bağçanın kənarında bir şəxsin əhatəyə alındığını, ondan Quran soruşulduğunu gördüm. Yaxınlaşıb Saffat və Sad surələrini soruşdum. Sürətlə surələri oxudu. Cibimdəki kiçik Quranı çıxarıb bir ayədə oxudum və ayənin davamını ondan soruşdum. O yubanmadan ayəni oxudu. Oxuduğum ayənin hansı ayə olduğunu soruşanda Quranı alıb baxmadan açdı və ayəni göstərdi. Onun məharətinə heyran qaldım."

Mərhum Kərbəlayi Kazim Saruqi hicri-qəməri 1378-ci il, Aşura günü Qumda dünyasını dəyişib və "Qəbristani no" adlanan qəbristanlıqda dəfn edilib. / 3995969

captcha