IQNA

Yetimlərə qayğı göstərmək bir bəşəri məsələdir

22:30 - August 23, 2022
Xəbər sayı: 3492786
İnsan fitrətindən qaynaqlandığı deyilə biləcək məsələlərdən biri də başqalarına, xüsusən də valideynlərini itirmiş insanlara kömək etməkdir. Ailə üzvlərini itirmiş insanların qayğısına qalmaq bütün dinlərin böyüklərinin diqqət mərkəzində olub və ən yaxşı insani əməllərdən sayılır.

Hər bir cəmiyyətdə müxtəlif faktorlar üzündən valideynlərini itirən, tək qalan və uşaq evləri kimi müxtəlif mərkəzlərə əmanət edilən uşaq qrupları var.

Amma yetimlərin məsələsi təkcə maddi, yemək, geyim məsələsi deyil. Bu əsas məsələlərlə bu mərkəzlərdə məşğul olunsa da, onlardan ən mühümü kimsəsiz uşaqların başqalarının sevgi və məhəbbətinə ehtiyacı olmasıdır ki, itirdikləri insanların yeri müəyyən qədər dolsun. İnsanlar, xüsusilə uşaqlıq dövründə başqalarının diqqət və sevgisinə ehtiyac duyurlar. Bu sevgi və məhəbbəti görməsələr, gələcəkdə sağlam həyat yaşayacaqlarına zəmanət yoxdur. İnsanların mənəvi, sosial və əxlaqi tərbiyəsi məhz ailə mühitində olduğu üçün onlar şəxsi və sosial böhranlardan əziyyət çəkə bilərlər.

İslam dinində sosial sahədə ən mühüm məsələlərdən biri də yetimlərə hörmət və məhəbbətdir. Bir çox rəvayətlərdə qeyd olunur ki, İslam Peyğəmbəri (s) yetim uşağı görəndə vaxtının bir hissəsini ona həsr edərdi.

Qurani-Kərimdə bu məsələyə xüsusi diqqət yetirilərək, möminlərə yetimlərə qarşı zülm etməyi və onlara laqeyd yanaşmağı qadağan etmişdir: “Elə isə yetimə zülm etmə!” (Zuha, 9).

Həmçinin, maddi cəhətdən dəstəklənməyə ehtiyacı olan qruplardan biri də kimsəsiz uşaqlardır. Bu insanlar valideynlərini itirdiyinə görə yoxsulluq içində yaşamamalıdırlar: "Yaxşı əməl heç də üzünüzü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, eləcə də öz malını çox sevməsinə (və ona ehtiyacı olmasına) baxmayaraq Allah eşqinə malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (səfər əsnasında pulu qurtarıb yolda qalan yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbir edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlar məhz onlardır. Müttəqilər də elə onlardır!"  (Bəqərə, 177).

Yetimlərə nəinki təkcə maddi yardım etmirlər, hətta yetimlərin zəifliyindən istifadə edib, onların malını yiyələnənlər olub və indi də var. Qurani-Kərim yetimlərin malını oğru və fırıldaqçıların vücudunda alovlanacaq oda bənzədir: "Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər"  (Nisa, 10).

captcha