IQNA

Daha bir Azərbaycan zəvvarı dünyasını dəyişib - QMİ

17:17 - November 21, 2010
Xəbər sayı: 2035321
Beynəlxalq şöbə: Bu gün Həcc ziyarətindən qayıdan Azərbaycan zəvvarlarından biri Suriyada dünyasını dəyişib.
İQNA Quran agentliyi Trend informasiya agentliyinə istinadən məlumat verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib ki, vəfat edən zəvvar 68 yaşlı Şamaxı rayon sakini Mafi Nəzərovdur. Dadaşovanın sözlərinə görə, avtobus karvanı Suriyada olarkən, Nəzərovun vəziyyəti pisləşib, onu xəstəxanaya çatdırıblar, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin tapşırığına əsasən, Nəzərovun cənazəsinin təyyarə vasitəsilə Azərbaycana gətirilməsi üçün Türk Hava Yolları ilə danışıqlar aparılıb. Cənazə Bakıya bu gün axşam yaxud sabah səhər gətiriləcək.

Bundan öncə bu il Həccə gedən zəvvarlardan Azərbaycan vətəndaşları Məmmədova Duha Məkkədə və Xanbala Atakişiyev Suriyanın Şam şəhərində vəfat ediblər.

Bu ilki Həcc ziyarətində 2000 azərbaycanlı zəvvar iştirak edir. Bu il Azərbaycandan müsəlmanların Həcc ziyarəti üçün ümumilikdə 2000 nəfərlik kvota ayrılıb. Zəvvarların 1200 nəfəri avtobus, 800 nəfəri isə təyyarə ilə Həccə gediblər.

captcha