"İQNA"-nın "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, Yaponiyanın Xarici İşlər Naziri Toşimitsu Moteqi Fələstinin inkişafı üçün Şərqi Asiya Ölkələri Əməkdaşlıq Konfransının (CEAPAD) nazirlər iclasında çıxışı zamanı Fələstinə olan qlobal dəstəyin artacağına ümidvar olduğunu bildirərək vurğulayıb: "Fələstinin dayanıqlılığı və potensialı 'iki dövlətli həll' yolunun reallaşması üçün zəruridir".
Bu iclas 2013-cü ildə Yaponiyanın təşəbbüsü ilə Fələstinə dəstək yollarını müzakirə etmək üçün yaradılıb.
Moteqi bu əməkdaşlıq çərçivəsinin əhəmiyyətini vurğulayaraq deyib: "Bu iclas insan resurslarının uzunmüddətli inkişafı vasitəsilə Fələstində dövlət quruculuğu prosesinə kömək edə bilər".
Yaponiya Xarici İşlər Naziri daha əvvəl etdiyi açıqlamalarda bildirmişdi ki, humanitar vəziyyətin pisləşməsi fonunda hökuməti İran, Livan və Fələstin üçün ümumilikdə 15 milyon dollar dəyərində təcili humanitar yardım nəzərdə tutub.
O əlavə edib ki, bu yardımlar Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası ilə əməkdaşlıq çərçivəsində ayrılıb və səhiyyə, tibbi yardım və müalicə xidmətləri kimi sahələrə xərclənəcək.
Yaponiya Xarici İşlər Naziri sonda Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olmasının ölkəsi üçün əhəmiyyətinə işarə edərək qeyd edib: "Tokio bölgədə humanitar vəziyyətin yaxşılaşdırılması, sülh və sabitliyin bərqərar olmasına kömək etmək üçün müvafiq ölkələr və təşkilatlarla sıx əməkdaşlığı davam etdirəcək".
4365723