IQNA

Bakıda “Orta əsr Azərbaycan əlyazmalarında səyahətnamələr” mövzusunda elmi-praktik konfrans keçirilib

0:34 - December 08, 2010
Xəbər sayı: 2044198
Beynəlxalq şöbə: Azərbaycanın Turizm İnstitutunun təşkilatçılığı ilə “Orta əsr Azərbaycan əlyazmalarında səyahətnamələr” mövzusunda elmi-praktik konfrans keçirilib.
İQNA Quran agentliyi İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəsmi saytına istinadən məlumat verir ki, Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya elmləri dokturu Kamandar Şərifli “Azərbaycan əlyazma kitabının təşəkkülü və inkişafı”, tarix elmləri doktorları Tahirə Həsənzadə “Avropalı səyyahlar Təbrizdə” və Fərid Ələkbərli “Səyahətnamələrdə tibb” mövzularında məruzə etmişlər.
Məruzələr ətrafında fikir mübadiləsi aparılmışdır. Müzakirələrdə İran İslam Respublikasının Bakıdakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim Nuri, Qafqaz Universitetinin, digər ali təhsil müəssisələrinin əməkdaşları iştirak edib. ATİ-nin rektoru Cəfər Cəfərov xalqın mədəni irsinin qorunmasında əlyazmaların xüsusi rol oynadığını söyləyib.
Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun işçisi, filologiya elmləri doktoru Kamandar Şərifli isə deyib ki, əlyazma kitablarının ilk mənşəyi Şumer lövhələrindən gəlir, sonra isə əlyazmalar papirus, müxtəlif əşyalar və dəri üzərində qeyd edilib: “Dəri üzərində yazılan kitablardan bizə gəlib çatanlar var. “Quran”ın Qələm surəsinin dəri üzərində yazılmış forması mövcuddur. Bunun tarixi 9-cu əsrə gedib çıxır”.
Əlyazma kitablarının araşdırıcısı olan K. Şərifli bildirib ki, əlyazma kitabları ayrı-ayrı evlərdə, şah saraylarında yazılıb. Orta əsrlərdə kitab çapçıları olmadığı üçün bu sahədə xüsusi kitabçılar işləyib. Onlar klassiklərin kitablarının surətlərini nüsxədən nüsxəyə köçürərək dünyaya yayıblar. Filoloq Azərbaycana aid olan əlyazma kitablarının hamısının müasir dövrədək çatmadığını da vurğulayıb. O əlavə edib ki, orta əsrlərdə baş verən müharibələr, dini fanatizm, təbii fəlakətlər həmin kitabların müasir dövrə çatmasına imkan verməyib: “Sovet dövründə Azərbaycanda ərəb əlifbası ilə yazılan kitablar, Quranlar daha çox məhv edilib. Sadə insanlar bu əlyazmalara görə günahlandırılmalarından qorxduqları üçün əlyazmaları çaylara atırdılar”.
Konfransın işinə yekun vuran ATİ-nin rektoru demişdir ki, hər bir xalq öz mənəvi sərvətlərinə sahib çıxmağı bacarmalıdır. Əsas məsələ təkcə sərvətin olmasında deyil, onun necə qorunmasında, nəsildən-nəslə çatdırılmasındadır.
Sonda konfrans iştirakçılarına müvafiq sertifikatlar təqdim edilib.
captcha