“Şahid əl-An” xəbər agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanının İslam İşləri, Təbliğ və İrşad naziri, həmçinin Kral Fəhd Quran Çap Kompleksinin rəhbəri Şeyx Əbdüllətif bin Əbdüləziz Ali Şeyx Mədinədə yerləşən bu kompleksdə Quranın iki yeni tərcüməsinin çapı layihəsini təqdim edib.
Bu iki tərcümə ilə birlikdə, kompleksin fəaliyyətə başlamasından bu günə qədər çap etdiyi Quran tərcümələrinin sayı 79-a çatıb. Bu tərcümələr dünyanın müxtəlif dillərinə edilib.
Son yeddi ildə bu tərcümələrin 35-i İslam İşləri nazirinin nəzarəti altında həyata keçirilib ki, bu da kompleksin Qurana xidmət və onun mənalarını müxtəlif xalqlar arasında müxtəlif dillərdə yaymaq istiqamətindəki səylərinin göstəricisidir.
Nazir mərasimdəki çıxışında bildirib: “Quran tərcümələri, Səudiyyə hökumətinin Qurana, müsəlmanlara xidmətə, Quranın tilavət olunmasına və müxtəlif dillərdə başa düşülməsinə verdiyi xüsusi diqqəti göstərir”.
Əbdüllətif bin Əbdüləziz Ali Şeyx həmçinin Kral Fəhd Quran Çap Kompleksində iki inkişaf layihəsinin açılışını edib. O, açıqlayıb ki, birinci layihə bu kompleksin müasir rəqəmsal platformasının istifadəyə verilməsidir ki, bu da bütün istifadəçilər üçün geniş imkanlar və interaktiv xidmətlər təqdim edəcək. İkinci layihə isə çap, montaj və rəqəmsal tikiş avadanlıqlarının yenilənməsi və təkmilləşdirilməsini əhatə edir. Bu avadanlıqlarda yeni texnologiyalardan istifadə olunaraq istehsalın sürəti, səmərəliliyi və keyfiyyəti artırılacaq.
Kral Fəhd Quran Çap və Nəşr Kompleksi dünyanın ən böyük Quran çap və paylama mərkəzidir və 30 oktyabr 1984-cü ildə Mədinədə açılıb.
Bu kompleks Səudiyyə Ərəbistanının müasir dövrdə ən mühüm mədəni və dini mərkəzlərindən biridir. O, Quranın müxtəlif qiraətlər üzrə düzgün nüsxələrinin çap və paylanmasında, xüsusilə də İslam ölkələrində mühüm rol oynamışdır.
Mərkəzin əsas missiyası alimlər və Quran elmləri mütəxəssisləri tərəfindən təsdiqlənmiş mütavatir qiraətlər üzrə Quranın çapı və yayılmasıdır. İlk nüsxələr xəttat tərəfindən yazıldıqdan sonra mətn hərf-hərf, kəlmə-kəlmə dəqiqliklə yoxlanılır və təsdiqlənmiş nümunə ilə tutuşdurulur. Bu iş “Quran nüsxələrinin müqayisəsi və yoxlanılması üzrə elmi komitə” tərəfindən aparılır. Bu mərhələdə, İslam dünyasının məşhur qarilərinin səs yazılarından da istifadə olunur.
Çap prosesinə nəzarət sistemi bir neçə mərhələdən ibarətdir. İlkin nəzarətlə yanaşı, çap zamanı davamlı yoxlama və son nümunələrin dəqiqliklə araşdırılması da həyata keçirilir.
Nəzarət mərkəzindən başqa, Quran Tərcümə Mərkəzi də fəaliyyət göstərir. Bu mərkəz Qurani-Kərimi müxtəlif dillərə tərcümə etməklə, ərəb dilini bilməyən müsəlmanların da Allah kəlamını anlamasına şərait yaradır. Bu fəaliyyət Peyğəmbərin (s) ilahi mesajı bütün bəndələrə çatdırmaqla bağlı tövsiyələri ilə uyğunluq təşkil edir.
4305913