İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl – Vətən News" xəbər agentliyinin informasiya portalına istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı keçən Cümə günü Məscidul-Həramda 107 nəfərin ölümünə və 238 nəfərin yaralanmasına səbəb olan qaldırıcı kranın aşması hadisəsində baş verən dağıntıların və zədələnmiş yerlərin təmirinə başladı.
Qaldırıcı kranın aşması zamanı Kəbə evinin təvaf edildiyi ərazidə mərmər döşəmənin daşları sınmış və zədələnmişdi. Bu mərmərlər yenisi ilə əvəz olunub. Səfa və Mərvə dağları ərazisində təmirlər zamanı təhlükəsizliyin qorunması üçün 500 kv. metrlik təhlükəsizlik lenti çəkilib. Həmçinin təhlükəsizlik tədbirləri yönündə hacıların Sübh namazını qılmaq üçün Məscidul-Həramın 2-ci və 3-cü mərtəbələrinə çıxmağı qadağan edilmişdir.
Qeyd edək ki, keçən Cümə günü hacıların üstünə aşan bu qaldırıcı kran həmin ərazidə olan 10 diperkrandan biri imiş və Kəbənin təfav etmək üçün ərazisinin genişləndirilməsi işlərində istifadə edilirdi.
Hazırda Kəbənin təvaf ərazisi 400 min kv.metrdir ki, bu ərazinin genişləndirilərək 2 milyon 200 min nəfərin eyni zamanda təfav edə bilməsi üçün işlər görülür.