İQNA – Texas valisi hava limanlarında müsəlmanlar üçün dini imkanların və infrastrukturun təqdim edilməsini və yaradılmasını tənqid edib.
“İQNA”-nın "Əl-Cəzirə"yə istinadən verdiyi məlumata görə, Texas valisi Qreq Abbott ştatın iki böyük hava limanında müsəlmanlar üçün dəstəmaz almaq imkanlarının yaradılması ilə bağlı büdcənin araşdırılması barədə göstəriş verib.
Bu tədbirlər dəstəmaz üçün müvafiq qurğular quraşdırmağı planlaşdıran Dallas-Fort Uort Beynəlxalq Hava Limanına və artıq dəstəmaz üçün qurğu və ibadət otağına sahib olan Hyustondakı Corc Buş adına Beynəlxalq Hava Limanına aiddir.
Texas valisi cümə günü ofisi tərəfindən yayılan bəyanatda vurğulayıb: "Dövlət hava limanları bir dini digərindən üstün tutmamalıdır". O, Dallas-Fort Uort hava limanının bu imkanları quraşdırmaq planlarını qanunsuz adlandırıb.
O əlavə edib: "Belə imkanların mövcudluğu müəyyən bir qrupa dini mənsubiyyətinə görə xüsusi üstünlük verir və bu, qanun pozuntusu sayılır".
Texas valisi rəsmən ABŞ Nəqliyyat Nazirliyinə müraciət edərək, bu nazirlikdən və Federal Aviasiya İdarəsindən (FAA) sözügedən iki hava limanı ilə bağlı araşdırmalara başlamağı tələb edib.
Abbott, həmçinin hava limanlarına verilən dövlət maliyyə yardımlarının hərtərəfli yoxlanılması barədə göstəriş verib və mövcud maliyyə yardımlarının ləğvi və ya gələcəkdə maliyyələşdirmənin dayandırılması ehtimalından danışıb.
4370101