İQNA – Əlcəzairin 28-ci Milli Quran Həftəsi münasibətilə milli Quran müsabiqəsinin ilkin mərhələsi avqustun 17-si, bazar ertəsi, bu ölkədə keçirilib.
“İQNA”-nın “Əl-Cənub əl-Kəbir”ə istinadən verdiyi xəbərə görə, Əlcəzairin Dini İşlər və Vəqflər naziri Yusif Bilmehdi avqustun 17-də, bazar ertəsi, ölkənin 28-ci Milli Quran Həftəsi münasibətilə keçirilən milli ilkin mərhələ müsabiqəsinin başlanmasına nəzarət edib. Müsabiqə videokonfrans vasitəsilə keçirilir.
Bilmehdi müsabiqədə çıxışı zamanı bildirib: “Əlcəzair Prezidenti Əbdülməcid Tebbunun dəstəyi ilə keçirilən bu böyük müsabiqə Quranın İslam ümmətinin həyatındakı mərkəzi mövqeyini, eləcə də milli kimliyin qorunması və cəmiyyətdə mənəvi dəyərlərin möhkəmləndirilməsində onun tarixi rolunu nümayiş etdirir.”
O əlavə edib ki, Qurana diqqət yetirilməsi, onun öyrədilməsi və Quran əhlinə ehtiram göstərilməsi Əlcəzairdə dini və milli nüfuzun qorunması istiqamətində həyata keçirilən siyasət çərçivəsində davam etdirilir.
Bilmehdi Quran müəssisələrinin davamlı inkişafı, Quran məktəblərində və zaviyələrdə (ənənəvi Quran tədrisi mərkəzlərində) çalışan müəllim və ustadların hazırlığının təkmilləşdirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib. O, bu səylərin müxtəlif beynəlxalq Quran müsabiqələri və tədbirlərində Əlcəzair iştirakçılarının fəxrlə əldə etdikləri nəticələrdə mühüm rol oynadığını qeyd edib.
O vurğulayıb ki, ötən ilin iyul ayında Əlcəzairin müxtəlif vilayətlərində keçirilən yerli Quran müsabiqələrində yeniyetmələr, gənclər, böyüklər və savadlandırma proqramlarının iştirakçıları olmaqla, ümumilikdə 1 500 nəfər iştirak edib.
Əlcəzairin Dini İşlər naziri bildirib ki, həmin müsabiqələr nəticəsində hazırda keçirilən milli mərhələdə iştirak etmək üçün 200 nəfər seçilib. Milli mərhələ 6 kateqoriya üzrə keçirilir və hər kateqoriya üzrə 10 qalib müəyyənləşdiriləcək.
Bu mərhələdən sonra 60 iştirakçının sentyabrın ilk 10 günündə Bejaya vilayətində keçirilməsi planlaşdırılan 28-ci Milli Quran Həftəsi münasibətilə müsabiqənin final mərhələsinə vəsiqə qazanacağı gözlənilir.
Qeyd edək ki, Milli Quran Həftəsi Əlcəzairdə hər il müxtəlif Quran proqramları ilə keçirilən ən mühüm Quran tədbirlərindən biridir.
Əlcəzair Prezidentinin himayəsi ilə keçirilən Milli Quran Həftəsinin tədbirləri Məhəmməd Peyğəmbərin (s) mövludu münasibətilə təşkil olunan xüsusi proqramların bir hissəsidir.
4370428