IQNA

Hacı Şahin: “Ateistlərin tənqid etdiyi dini biz də tənqid edirik”

9:39 - July 10, 2017
Xəbər sayı: 3481852
Hacı Şahin Həsənli Azərbaycan cəmiyyətinin böyük hissəsinin ateist olduğunu hesab etmir. O, Azərbaycanda ateistlərin sayının çoxluq təşkil etmədiyini deyir.

Hacı Şahin:

"Mən ateist olduğuma görə Azərbaycanda yaşaya bilmərəm” - deyib təmənna güdən insanlar da var. Dini tənqid etməyi özünə çörək ağacı edənlər az deyil”.

Bu sözləri modern.az-a bildirən "Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli Azərbaycan cəmiyyətinin böyük hissəsinin ateist olduğunu hesab etmir. O, Azərbaycanda ateistlərin sayının çoxluq təşkil etmədiyini deyir.

Hacı Şahin Həsənli bildirib: "İnancından asılı olmayaraq, hər kəs azad şəkildə fikrini ifadə edə bilər. Dinimiz də bu haqqı insanlara tanıyır. Lakin məni narahat edən bir məsələ var. Ateistlər bəzən dinə qarşı təhqiramiz sözlərdən istifadə edir və aqressiv yanaşmalar sərgiləyirlər. Bu, tamamilə yanlışdır".

İlahiyyatçının sözlərinə görə, ateistlərin fəallığına, müxtəlif təbliğatların aparılmasına baxmayaraq, xalqımız inanclarını qoruyub saxlayır. Ş.Həsənli dini inancların vəzifəsinin ateistlərin səsləndirdiyi iradları elmi şəkildə cavablandırmaq, dini çatdırmaq olduğunu vurğulayıb.

"Əslində müşahidə edirəm ki, bəzən ateistlərin tənqid etdiyi dini biz də tənqid edirik. Yəni ateistlərin tənqid etdikləri çox zaman din yox, xurafatlar olur. Xurafatı biz də qəbul etmirik. İlk növbədə din haqqında təsəvvürlərimizi dəyişməliyik. Bundan sonra dini hökmləri elmi şəkildə müdafiə edə bilərik. Ateistlər və dindarlar arasında müzakirələr elmi müstəvidə gedirsə, bunda qəbahət görmürəm. Amma qarşılıqlı ittihamlar, təhqirlər yanlışdır” - imam-camaat qeyd edib.

İlahiyyatçı deyir ki, ateistlərin xüsusilə İslam dinini hədəf alması artıq tendensiya halını alıb:

"İslam dini ən gənc və mütərəqqi dindir. Dinimiz dünyanın hər yerində yayılmaqdadır. Bu isə bəzilərində narahatlıq yaradır və ümumiyyətlə, dünya miqyasında bəzən islam haqqında yanlış təsəvvürlər yaratmaq , onu hansısa qorxunc simada təqdim etmək üçün təbliğatlar aparılır. Bəzən bilərəkdən və ya bilməyərəkdən özünə ateist deyən şəxslər də bu antitəbliğatın təsirinə düşür. Əgər insan ateistdirsə, bütün dinlərə qarşı tənqidi mövqedə olmalıdır. Amma məhz islama qarşı kampaniya və hücum həddində təbliğatlar aparılır. Dinimizin hədəfə alınması onun mütərəqqi mahiyyətindən qaynaqlanır. Bir şey çox dəyərli olarsa, onu dəyərdən salmağa çalışarlar. Bizdə olan ateistlər ola bilər ki, bu cür təsirlərə düşsün”.

Şahin Həsənli bildirib ki, Azərbaycan müsəlman ölkəsi olduğundan bu tendensiya özünü islam üzrə daha çox göstərir: "Əksəriyyət dinimizi inkişafa mane kimi görür deyə, dini hədəfə alır. Hətta bəzən maddi maraqlar da olur. Dini tənqid edən ateistlər sırf bunun üçün fəaliyyət göstərə bilərlər. Dini xurafat kimi təqdim etməklə kimlərəsə xidmət etmiş olurlar. Tarixən də bu cür nümunələr olub. "Mən ateist olduğuma görə Azərbaycanda yaşaya bilmərəm” - deyib təmənna güdən insanlar da var. Dini tənqid etməyi özünə çörək ağacı edənlər az deyil”.

Teqlər: hacı Şahin ، iqna ، quran ، İslam ، məscid ، azərbaycan
captcha