IQNA

Sosial şəbəkələrdə dini maarifləndirmə digər sahələrdən geridə qalıb

11:13 - September 22, 2021
Xəbər sayı: 3490790
Şeytani səhifələr Allah ilə xalq arasında fasilə salmağa çalışır. Ruhanilərin vəzifəsidir ki, sosial şəbəkədə şeytanın doldurmaq istədiyi boşluğu doldursun və şeytana insanları azdırmaq icazəsi verməsin.

Sosial şəbəkələrdə dini maarifləndirmə digər sahələrdən geridə qalıbDövrün tələblərinə uyğun olaraq digər sahələrdə olduğu kimi dini maarifləndirmə sahəsində də sosial şəbəkələr, kütləvi informasiya vasitələri və ümumilikdə media çox əhəmiyyətli və önəmli təbliğat platformasıdır.

Bu məsələni dərk edən dini təbliğatçılar və dini maarifləndirmə və dini mədəniyyət sahəsində fəaliyyət göstərənlər təbii ki, bu meydanı boş qoymamış və müxtəlif cəhətlərdən və hər biri özünə məxsus vasitələrdən istifadə edərək bu meydana daxil olmuşlar.

Əlbəttə bu sahədə də hər bir məsələdə olduğu kimi bəzən ifrat və ya təfritlər olur. Bununla bağlı sosial şəbəkələrdə, xüsusi ilə də "instagram" sosial platformasında son illərdə aktiv təbliğata başlamış gənc ruhani Həsən Məmməvodla söhbət etdik.

Hədəfimiz gənc təbliğatçını cəmiyyətimizə tanıtmaq, ona mənəvi dəstək olmaq, həmçinin maarifləndirmə işlərində aktiv olmaq istəyən gənclərə onun timsalında örnək verməkdir.  

 

IQNA: Zəhmət olmasa, özünüz və təhsiliniz haqda ümumi məlumat verərdiniz?

 

Mən 1997-ci ildə ruhani ailəsində anadan olmuşam. Atam ruhanidir və müqəddəs Məşhəd şəhərinin Ali Dini Elmi Hövzəsində dini mədrəsədə təhsil alıb. Sonra isə 15 il Rusiyanın müxtəlif şəhərlərində, həmçinin vətənimiz Lənkəran şəhərində mübarək Ramazan və Məhərrəm aylarında dini təbliğatla məşğul olub. Mən də atamın davamçısı olaraq uşaqlıqdan dinə bağlı olmuşam, dini mərasimlərdə iştirak etmişəm, dini kitablar oxumuşam və bu maraq məni 2017-ci ildən Qum Ali Dini Elmi Hövzəsində təhsil almağadək çəkib gətirib.

Ailəliyəm və Mühəddisə adında bir qız övladım var.   

 

IQNA: Din və İslam qaydalarını öyrətmək mövzusunda nə vaxt video hazırlamağa qərar verdiniz?

 

Sosial şəbəkələr və internet məkanında 2014-cü ildən dini fəaliyyətim var. Bir neçə sosial şəbəkədə dini səhifələr idarə edirəm. Daha aktiv şəkildə dini videoroliklər hazırlmağa isə son bir ildə başlamışam. Bu videoları əsasən instagram sosial şəbəkəsində yaratdığım səhifədə paylaşıram.

Sosial şəbəkələrdə fəaliyyətə başlamağımın səbəbi isə bu sahədə olan bəzi boşulardır. Baxamayaraq ki, kütləvi informasiya vasitələri və mediada dini təbliğat edən fədakar və zəhmətkeş ruhanilərimiz çoxdur, amma yenə də hələ görüləsi çox işlər var və biz boş qalmış sahələri tanımalı, müsəlman xalqın ehtiyacını öryənməli və bu sahədə onların ehtiyaclarını təmin edən proqramlar hazırlamalı və işlər görməliyik.

Bir məsələni də qeyd edim ki, sosial şəbəkələrə laqeyd yanaşan ruhani və təbliğatçılar da var. Bu laqeydliyin da səbəbi bəzən tənbəllik, bəzən sosial təbliğata önəm verməmək, bəzən sosial şəbəkələri öz ictimai çəkisindən aşağı hesab etmək, bəzən media savadının olmaması, bəzən lazım olan maddi və mənəvi dəstəyin olmaması və bəzən isə dini məsuliyyətin və din barədə təəssübkeşliyin olmamasıdır.

Əlbəttə yenə də vurğulayıram ki, bütün nöqsan və boşluqlara rəğmən həm qədimdə, həm da hazırda Azərbaycanda dini və milli dəyərləri layiqincə təbliğ edən ruhanilərimiz olub, var və yenə də olacaq və yeri var ki, buradan hər bizinə öz təşəkkürümü bildirəm. Çünki biz cavan nəsil də əslində onların elmi dini süfrəsindən faydalanmışıq və vaxtında onların çəkdiyi zəhmətlərin bəhrəsini bu gün görürük.

Biz gənc nəslin isə vəzifəsi dövrümüzə uyğun olaraq həm dərin dini və dünyəvi savada yiyənlənməli, müasir insanın mənəvi ehtiyacları və sosial tələbələrini bilməli və dərk etməli, ona uyğun proqramlar hazırlamalı və həm də maarifləndirmə üçün modern təbliğat vasitələrindən məharətlə istifadə etməyi bacarmalıyıq.

Qədimdə çox böyük sayılan dünya, hazırda media vasitəsi ilə çox kiçik olub. Müasir dövrün mediası fəsadları və zərərləri ilə yanaşı həm də İlahi bir nemətdir. Çünki bütün dünyanı əlçatımlı edib. Bu nemətin şükrü isə maarifləndirmə üçün gərəyincə istifadə edilməsidir. Başqa sözlə həm özümüzün maariflənməsində və həm də digərlərini maarifləndirməkdə mediadan istifadə etmək bir zərurətdir.

    

IQNA: Sizcə, dini maarif mövzularında hazırlanan videoçarxlar Azərbaycan xalqı üçün nə dərəcədə faydalı ola bilər?

 

Bütün dünyəvi məktəblərin iflasa və uğursuzluğa düçar olduğu bir vaxtda insanlar onları dünyanın maddi və mənəvi bataqlığından xilas edəcək xalis və vəhyani bir maarifə susuzdurar. Sadəcə yalançı məlumatların və yalançı qidaların çoxluğu insanları azdırır, onlar nəyin daha xeyirli olduğunu dərk etməkdə acizləşiblər. Buna görə də ruhanilər insanların ehtiyacını bilməi və bu ehtiyacları sağlam vasitələrlə xalqa çatdırmalı və xalq ilə ruhaniyyət (dini maarif) arasında nəyinsə fasilə salmasına icazə verməməlidir.

Qeyri-dini və şeytani səhifələr Allah ilə xalq arasında fasilə salmağa çalışır. Ruhanilərin vəzifəsidir ki, sosial şəbəkədə şeytanın doldurmaq istədiyi boşluğu doldursun və şeytana insanları azdırmaq icazəsi verməsin. Bu cəhətdən də istər dini videolar olsun, istər digər təbliğat vasitələri xalq üçün faydalıdır. Çünki insanlar hər gün saatlarla dolaşdığı virtual məkanı boş buraxmaq, onları şeytnana həvalə etməkdir.

Biz ruhanilər insanların yolunun üstünə çıxmasaq, onlar bizi asanlıqla tapa bilməyəcək. Çünki bizimlə onlar arasında fasilə salacaq yüzlərlə maneə var. Ruhanilərin passivliyi insanların azğınlığı ilə nəticələnə bilər. Buna görə də bacardıqca sosial şəbəkələrdə dini videolar, audiolar və fotolarla insanlara əqidə və əhkam öyrətmək lazımdır.

Əgər biz Quran və Əhli-Beyt (ə) məktəbinə uyğun əqidə və əhkam dərsləri hazırlayıb paylaşmasaq insanlar internetdə dəstəmaz və ya namaz barədə axtarış edəndə onların qarşısına batil əqidələrin materialları çıxacaq.

Buna görə də biz ruhanilərin mediada fəal olmağımız bir zərurətdir.

Bunu da qeyd edim ki, bir ruhani dini hökmləri paylaşırsa, digəri deməməlidir ki, mənim üzərimdən vəzifə götürüldü. Çünki media və internetdə hansı məsələ çox və təkrar paylaşılırsa, axtarış motorları da onlara önəm verir və ilkin məlumat olaraq axtarış edənə təklif edir. Bu səbəbdən də bir gündə 500 ruhani də dəstəmaz videosu hazırlayıb internetdə paylaşsa, faydasız bir iş deyil, hətta bir zərurətdir.  

 

IQNA: İşinizi genişləndirmək üçün bir planınız varmı, yoxsa yalnız İnstagramla məhdudlaşacaq?

 

Allahın lütfi ilə, İnşaallah, gələcəkdə işlərimizi digər sosial şəbəkələrə də transfer edəcəyik. Hazırda bir sıra maddi problemlər və insani resusların az olması bu işimizi genişləndirməyə imkan vermir. İndilik Allahdan arzumuz budur ki, bizi Quran və Əhli-Beyt (ə) məktəbi və mədəniyyətinin yayılmasında müvəffəq etsin. Bizim hər nəyimiz varsa, Allahdandır, Əhli-Beyt (ə) sevgisindəndir və çalışacayıq son nəfəsə qədər bu yolda addım ataq.

 

IQNA: Çox sağ olun, dəyərli vaxtınızı bizim üçün ayırdığınız üçün, təşəkkür edirik.

 

- Siz də çox sağ olun, zəhmət çəkibsiz, təşəkkür edirəm. IQNA-nın bütün kollektivinə, o cümlədən rəhbərliyinə salam-dualarımızı çatdırın.

 

 

 

captcha