IQNA

Quranın təqdim etdiyi şəxsiyyətlər / 14

Həzrət İbrahimin (ə) mübahisə tərzi

18:28 - November 09, 2022
Xəbər sayı: 3493236
Əgər müxalif qruplar məntiqi olaraq bir-biri ilə üz-üzə gəlirsə, onlar mübahisə və dialoq edirlər. Bu zaman onlar ya ortaq məxrəcə gəlirlər, ya da qarşı tərəfi problemi qəbul etməyə razı salırlar. Bu məsələnin tarixi nümunəsi Həzrət İbrahimin (ə) müxalif qruplarla apardığı mübahisələrdir.

Həzrət İbrahim (ə) bütpərəstliyin geniş yayıldığı bir dövrdə yaşasa da, bütlərə inanmır və bütlərin təsirsizliyini göstərmək üçün hər fürsətdən istifadə edirdi. İbrahimin (ə) bu istiqamətdəki üsullarından biri də mübahisə və söhbət idi. O, bütpərəst olan vəlisi və atalığı Azərlə tez-tez mübahisə edirdi. Daha sonra bütləri sındırdıqdan sonra o dövrün şahı olan Nəmrudla mübahisə etdi. Bir vaxtlar günəşə, aya və ulduzlara sitayiş edən insanlarla mübahisə edirdi.

İbrahim (ə) mübahisələrində təsirli üsullardan istifadə edirdi. Məsələn, o, müşriklərin və bütpərəstlərin işlərinin zəif olduğunu və nöqsanlarını dərk etmələri üçün məntiqi suallardan istifadə edirdi. İbrahim (ə) Azərlə belə mübahisə etdi: "Ey ata, həqiqətən, sənə gəlməyən bir elm (peyğəmbərlik) mənə gəlmişdir. Ardımca gəl ki, səni (Allahın buyurduğu) doğru bir yola çıxardım!"  (Məryəm, 43).

O, bütpərəstlərin inanclarına şübhə etmələri üçün suallar da bəyan etmişdir. Bundan sonra onları öz səhvləri ilə üz-üzə qoymuşdur: "O zaman o öz atasına və tayfasına demişdi: “Nəyə ibadət edirsiniz? Onlar: Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik! -deyə cavab vermişdilər. (İbrahim) demişdi: Onları çağırdığınız (dua etdiyiniz) zaman sizi eşidirlərmi? Yaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi?          Onlar: Xeyr, ancaq biz öz atalarımızın belə (ibadət) etdiklərini gördük!” -deyə cavab vermişdilər" (Şüəra, 70-dən 74-ə qədər).

İbrahim (ə) mübahisələrində müqayisə, əsaslandırma və qane etmək kimi başqa üsullardan da istifadə edirdi. İbrahimin (ə) ən gözəl mübahisələrindən biri ulduzpərəstlərin qarşısında idi. Bu dəstəni inandırmaq üçün əvvəlcə özünü ulduza pərəstiş edən kimi təqdim etdi. Lakin o, bu əqidəyə qarşı çıxdı və nəhayət, ibadətə yalnız Allahın layiq olduğu qənaətinə gəldi:  "(Sonra) doğan ayı görüb, bu mənim Rəbbimdir -dedi. (Ay) batdıqda isə doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım, -söylədi.  (Daha sonra) doğan günəşi görüb, bu mənim Rəbbimdir, bu, daha böyükdür, -dedi. (Günəş) batdıqda isə dedi: Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan (bütlərdən, səma cismlərindən) uzağam!"  (Ənam, /77 və 78).

Mübahisələrdə İbrahim (ə) təhdid və təhlükədən qorxmadan öz fikirlərini cəsarətlə ifadə etsə də, bu ifadə sakit və dinc şəkildə həyata keçirilirdi. Bu da onun sözünün auditoriyada gücünü və təsirini daha da artırırdı.

captcha