Fərdlər və qruplar Allah qarşısında eyni deyillər və fərqli statusa malikdirlər:
Allah bir qrup insanı dərhal cəzalandırır. Bir qrupa bir müddət verir. O biri qrupa ömürlərinin sonuna qədər möhlət verir və onları rifah içində qoyur. Onlar Qiyamət günü əzaba düçar olacaqlar. Çünki biz öz dünyagörüşümüzdə dünyanı Qiyamət günündən ayrı hesab etmirik.
Bəzən müəllim imtiyazlı şagirdin pis davranışına sərt reaksiya verir, çünki ondan belə bir şey gözləmir. Eyni zamanda adi və pis şagirdlərə belə sərt münasibət göstərmir.
Quranda oxuyuruq: Allah bəzən övliyaları və peyğəmbərləri günah belə olmayan və tərki-övla (daha üstün olan əməli tərk etmək) adlandırılan bir əmələ görə şiddətlə qınayır. Çünki o şəxsiyyətlərdən belə bir şey gözlənilmir. Amma bəzi şəxslərə günahkar olduqları halda möhlət verilir: "O məmləkətlərin əhalisini (Ad, Səmud tayfalarını) zülm etdikləri zaman məhv etdik. Biz onları məhv etmək üçün vaxt (vədə) müəyyən etmişdik” (Kəhf, 59).
Quranda kafirlərin əzabını istəməkdə tələsmək haqqında belə buyurulur: "(Ya Rəsulum!) Onlar səni tələsdirib əzabın tez gəlməsini istəyərlər. Allah Öz vədinə əsla xilaf çıxmaz!" (Həcc, 47(.
Buna görə də bəzən Allah zalımlara dərhal reaksiya göstərmir və belə buyurur: “(Ya Rəsulum!) Səndən əvvəl gəlib-gedən peyğəmbərlərə də istehza edilmişdi. Mən kafirlərə möhlət verdim, sonra isə onları (əzabla) yaxaladım. Mənim onları cəzalandırmağım necə (də dəhşətli) idi!” (Rəd, 32).
Möhlətin səbəbini də belə izah edir: "Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar alçaldıcı bir əzab görəcəklər!" (Ali-İmran, 178).
Müvəqqəti rifah ən yaxşı cəza vasitəsidir, çünki Quranda buyurulur: “(Kafirlərə) edilmiş xəbərdarlığı unutduqları zaman (küfrlərini daha da artırmaq məqsədilə) hər şeyin (bütün nemətlərin) qapılarını onların üzünə açdıq. (Kafirlər) özlərinə verilən nemətlərə sevindikləri vaxt onları qəflətən yaxaladıq və onlar (hər şeydən) məhrum oldular” (Ənam, 44(.
Bu cür adamlara misal kimi onu qeyd etmək olar ki, ağaca nə qədər dırmaşırsa, öz fikrində bir o qədər uğur qazanır, amma ağacdan yıxılanda məlum olur ki, bütün o dırmaşmalar onun əzabının müqəddiməsi olub.
Əlbəttə, Allah bəzi insanlarla bu cür davranır. İslah olmalarına ümid edilən başqa bir qrup haqqında belə buyurur: “İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar” (Rum, 41).
Bir çox hədislər bizi xəbərdar edir ki, əgər bir-birinin ardınca günah işlədirsinizsə, lakin həyatınızda Allahın qəzəbindən əsər-əlamət görmürsünüzsə, xəbərdarlıq dairəsindən çıxmağınızdan qorxun və yeganə çarəniz pis aqibət və cəhənnəmdir.