“Şəhab” xəbər agentliyinə istinadən verilən məlumata görə, Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad ən-Nəxxalə fələstinli əsirlərin sionist rejimin zindanlarından azad edilməsinə münasibət bildirərək dedi:
“Bu gün bir çox müqavimət döyüşçüsü və fələstinlinin azadlığa çıxması yalnız müqavimət döyüşçülərinin canfəşanlığı və xalqımızın birliyi nəticəsində əldə olunub.”
O əlavə edib: “Biz nəticələrin daha yaxşı olmasını arzulayırdıq, lakin xalqımız yaxşı bilir ki, Qəzzə xalqını əhatə edən qüvvələr balansı və çoxsaylı amillər mövcuddur.”
Ən-Nəxxalə vurğulayıb: “Müqavimətin bayrağı başıuca qaldı, döyüş meydanında müqavimət davam edir və qəhrəman xalqımız müqavimət anlayışından ilham alaraq hələ də möhkəmdir.”
İslami Cihad Hərəkatının baş katibi mesajında digər fələstinli əsirlərin azad ediləcəyinə söz verərək qeyd edib:
“Digər fələstinli əsirlərin azad edilməsi müqavimətin prioritetlərindəndir və bu məsələ heç vaxt dəyişməz qalacaq.”
Eyni zamanda, Fələstin Əsirləri üzrə Media Ofisi bildirib ki, qəhrəman əsirlərin, xüsusilə də ömürlük həbsə məhkum olanların azad edilməsi, Fələstin məsələsinin tarixi və taleyində mühüm bir dönüş nöqtəsidir.
Ofis vurğulayıb ki, əsirlərin azadlığı xalqın qəhrəmanlıq dastanlarının, uzunmüddətli mübarizəsinin və azadlıqla ləyaqət uğrunda edilən fədakarlıqlarının bəhrəsidir
Media ofisi əlavə edib ki, əsir mübadiləsi razılaşmasına əsasən bu gün ömürlük və ağır cəzalara məhkum edilmiş 250 əsir və 1817 Qəzzə əsiri sionist rejimin zindanlarından azad edilib.
Ofis bütün fələstinliləri harada olurlarsa-olsunlar, əsirləri qəhrəmanlar kimi, onların fədakarlıqlarına və illərlə çəkdikləri əzablarına layiq şəkildə qarşılamaya çağırıb.
4310576