Əgər bir cəmiyyətin üzvləri arasında əməkdaşlıq ruhu hökm sürərsə, həmin cəmiyyətin maddi və mənəvi inkişafı üçün zəmin yaranar. Yardımlaşma və əməkdaşlıq cəmiyyətin tərəqqisi, yüksəlişi və hərtərəfli çiçəklənməsi üçün münasib bir zəmin yaradar. Buna görə İslam birgə görülən işləri fərdi işlərə nisbətən üstün tutur. Çünki birgə görülən işlər daha möhkəm və davamlı olur, insanların qüvvələrinin birləşməsi ilə böyük bir güc hasil olur ki, bu güc istənilən çətin işi asanlaşdırır.
Rəsulullah (s) buyurmuşdur:
«مَنْ أَصْبَحَ لاَ يَهْتَمُّ بِأُمُورِ اَلْمُسْلِمِينَ فَلَيْسَ مِنْهُمْ وَ مَنْ سَمِعَ رَجُلاً يُنَادِي يَا لَلْمُسْلِمِينَ فَلَمْ يُجِبْهُ فَلَيْسَ بِمُسْلِمٍ»
“Kim müsəlmanların işləri ilə maraqlanmazsa, o, onlardan sayılmaz. Kim bir müsəlmanın “Ey müsəlmanlar, köməyə gəlin!” fəryadını eşidib ona cavab verməzsə, o, müsəlman deyil.”
Xeyirli və faydalı ictimai işlərdə səmimi və fəal şəkildə iştirak etmək hər bir mömin üçün vacibdir. Kim ki, müsəlmanların ictimai işlərinin və ya bir müsəlmanın fərdi işlərinin irəliləməsinə qarşı laqeyd qalar, yalnız özünü düşünərsə, o, həqiqi mənada müsəlman sayılmaz.
Məsələn, bəşər cəmiyyətlərinin daim üzləşdiyi və əziyyət çəkdiyi əsas problemlərdən biri cəmiyyət daxilində hökm sürən təbəqələşmədir. Belə ki, cəmiyyət iki qrupa bölünür: bir tərəfdə ehtiyac içində olan və yemək, mənzil, geyim kimi zəruri ehtiyaclarını ödəyə bilməyən kasıblar, digər tərəfdə isə sərvət içində boğulan, var-dövlətinin hesabını belə bilməyən varlılar durur.
Əxlaqi və ilahi dəyərlərə əsaslanan sağlam bir cəmiyyət o cəmiyyətdir ki, onun bütün üzvləri – bacarıq və imkan fərqlərinə baxmayaraq – Allahın nemətlərindən faydalansınlar və onların arasında mərhəmət, yardımlaşma və əməkdaşlıq hökm sürsün. Çünki ictimai həyatın məqsədi insanların bir-birinə kömək etməsi və bununla da kamala çatma yolunu asanlaşdırmasıdır.
İslam bu sosial təbəqələşməni aradan qaldırmaq üçün geniş proqramlar təqdim etmişdir. Məsələn, riba (faiz) qadağan olunmuş, İslam vergiləri (zəkat, xüms və s.) tətbiq edilmiş, eyni zamanda infaq, vəqf, qərzül-həsənə (faizsiz borc) və müxtəlif maddi yardımlar təşviq edilmişdir. Lakin bu məqsədə çatmaq üçün ən təsirli vasitələrdən biri də yoxsulların ehtiyaclarının ödənilməsi istiqamətində əməkdaşlıq və yardımlaşmadır.
Növbəti qeydlərdə “əməkdaşlıq” anlayışının mənası və zərurəti, eləcə də Quranda və hədislərdə yardımlaşma və həmrəyliyin nəzəri əsasları izah ediləcək.
3494983