IQNA

Britaniyada 3 ay ərzində 22 məscidə islamofob hücum

9:44 - October 12, 2025
Xəbər sayı: 3499015
İQNA - “Tell Mama” təşkilatı bildirib ki, son üç ayda Britaniyanın müxtəlif yerlərində azı 22 məscid hücuma məruz qalıb və ya nifrət yönümlü hücumların hədəfi olub ki, bu da narahatedici bir meyldir.

“Arab-London”un xəbərinə görə, Britaniyada müsəlmanlara qarşı nifrət cinayətlərini izləyən “Tell Mama” təşkilatı açıqlayıb ki, 2025-ci ilin iyun ayından bəri ölkə üzrə azı 22 məscid hücuma məruz qalıb və ya nifrət yönümlü təcavüzlərin hədəfi olub. Təşkilat bu vəziyyəti “son dərəcə narahatedici tendensiya” kimi qiymətləndirib.

Təşkilatın mətbuat açıqlamasında qeyd olunub ki, bu rəqəmlər 2011-ci ildə “Tell Mama” fəaliyyətə başladıqdan bəri üç aylıq dövrdə məscidlərə edilən hücumların ən yüksək göstəricilərindən biridir. Oxşar artım yalnız 2013-cü ildə Londonun cənubunda britaniyalı əsgər Li Riqbinin öldürülməsindən sonra qeydə alınmışdı.

Açıqlamada əlavə olunur ki, müsəlmanların ibadət məkanlarına qarşı hücumların artması, müsəlmanlara qarşı nifrət təbliğatının getdikcə daha çox “adi hal”a çevrildiyini göstərir. Bu, xüsusilə də Mançesterdə yerləşən yəhudi sinaqoqu “Heaton Park”a edilən son radikal hücumdan sonra müxtəlif dinlərin mənsublarına qarşı artan ekstremizm barədə narahatlıqları artırır.

Təşkilatın direktoru İman Atta deyib: “Bu rəqəmlər həm sarsıdıcı, həm də narahatedicidir. Xüsusilə də Heaton Park sinaqoquna yönəlmiş antisemit hücumdan sonra ibadət məkanlarının daha çox hədəfə alındığını müşahidə edirik. Bu hücumlar ibadət edən insanlar üzərində dərin psixoloji və sosial təsir yaradır, qorxu, qəzəb və təhlükə hissini gücləndirir.”

Atta əlavə edib ki, Britaniya Daxili İşlər Nazirliyi tərəfindən idarə olunan və əvvəllər bəzi məscidlərə təhlükəsizlik dəstəyi verən “İbadət Obyektləri Fondu” bu vəziyyət üçün kifayət qədər effektiv deyil.

O, dini qurumları ekstremizm və nifrətə qarşı qorumaq üçün daha geniş strategiyaların qəbul olunmasını tələb edib.

Bu hadisələr elə bir vaxtda baş verir ki, Peacehaven şəhərindəki bir məsciddə baş verən yanğından sonra 2025-ci ilin sentyabr ayında bütün Böyük Britaniyada islamofob hücumların dalğası müşahidə olunub. Lakin hadisələrin bu qədər ciddi olmasına baxmayaraq, nə hökumət, nə də milli media tərəfindən ciddi reaksiya verilməyib.

“Müsəlmanların Təqibi Sənədləşdirmə Qrupu” (DOAM) bildirib ki, həmin ay ərzində ölkənin müxtəlif yerlərində azı 12 islamofob hücum baş verib – bunlara məscidlərin yandırılması, təhqir və müsəlmanlara qarşı fiziki hücumlar daxildir.

Bu hesabat sosial şəbəkə X platformasında 187 mindən çox baxış toplayıb, lakin bu qədər geniş onlayn rezonansa baxmayaraq, əsas media qurumlarında işıqlandırılmayıb və hökumət bu barədə təcili iclas da keçirməyib.

Müşahidəçilər bildirirlər ki, bu hücumlar illərlə davam edən mənfi siyasi və media mühitinin, eləcə də müsəlmanları qeyri-insani göstərən sağ radikal hərəkatların fəaliyyətinin nəticəsidir. Halbuki hökumət 2025-ci ilin aprelində müsəlmanlara qarşı nifrət təbliğatı ilə mübarizə üçün maliyyə vəsaiti ayıracağına söz vermişdi, lakin tənqidçilər deyirlər ki, bu vəd siyasi iradə və əməli tədbirlər olmadan sadəcə şüar olaraq qalıb.

4310064

Teqlər: london ، məscid ، islamofobiya ، britaniya
captcha