IQNA

İslamofob siyasətçiyə Nobel Sülh Mükafatının verilməsinə etiraz

9:56 - October 12, 2025
Xəbər sayı: 3499018
İQNA - Amerika-İslam Əlaqələri Şurası (CAIR) Nobel Sülh Mükafatı Komitəsinin builki mükafatı Venesuelalı siyasətçiyə vermək qərarını sərt şəkildə pisləyib və onu “təhqiredici və qəbuledilməz” adlandırıb.

“Daily Sabah”ın verdiyi xəbərə görə, ABŞ-da müsəlmanların vətəndaş hüquqlarını müdafiə edən ən böyük təşkilat olan Amerika-İslam Əlaqələri Şurası (CAIR) Nobel Komitəsinin bu ilki Sülh Mükafatını Venesuelalı siyasətçi Mariya Korina Maçadoya təqdim etməsini qınayıb.

CAIR-in bəyanatında bildirilib ki, Komitənin Maçadonu – Avropadakı ifrat sağ hərəkatları və İsrailin hakim “Likud” partiyasını dəstəkləməsi ilə tanınan siyasətçini – təltif etməsi, dünyada irqçilik, faşizm və hazırda Qəzzədə davam edən soyqırıma qarşı çıxaraq həyatını riskə atan insanlara qarşı “hörmətsizlik” deməkdir.

Təşkilatın Vaşinqtondakı mərkəzi ofisindən yayılan bəyanatda vurğulanıb: “Nobel Sülh Mükafatı, bütün xalqlar üçün ədaləti cəsarətlə müdafiə edən və mənəvi sabitlik nümayiş etdirən şəxslərə verilməlidir — öz ölkəsində demokratiya tələb edib, xaricdə isə irqçilik, ayrı-seçkilik və faşizmi dəstəkləyən siyasətçilərə deyil.”

CAIR Maçadonu, bu ilin əvvəlində İspaniyanın paytaxtı Madriddə keçirilmiş “Avropa Vətənpərvərləri” adlı ifrat sağ konfransda iştirakına və orada çıxış edən Gert Vilders, Marin Le Pen və Viktor Orban kimi natiqlərin müsəlmanların etnik təmizlənməsinə çağırışlarını pisləmədiyinə görə, keçmiş bəyanat və əlaqələrinə görə üzr istəməyə və onları rədd etməyə çağırıb.

Bəyanatda deyilir: “Biz xanım Maçadodan Likud partiyasına və Avropadakı islam əleyhinə faşizmə verdiyi dəstəyi dayandırmağı tələb edirik. Əgər o, bundan imtina edərsə, Nobel Komitəsi nüfuzuna zərbə vuran bu qərarını yenidən nəzərdən keçirməlidir. İslamofob və Avropa faşizmini müdafiə edən bir şəxs, Dr. Martin Lüter Kinq kimi ədalətli Nobel laureatlarının sırasında yer almağa layiq deyil.”

Amerika-İslam Əlaqələri Şurası bildirib ki, Nobel Komitəsi bunun əvəzində “Qəzzədə soyqırıma qarşı çıxaraq peşə və həyatlarını riskə atan tələbələr, jurnalistlər, fəallar və tibb işçilərini” təltif etməli idi; çünki məhz bu insanlar sülh və ədalətin həqiqi ruhunu təmsil edirlər.

Fevral ayında Maçado “Avropa Vətənpərvərləri” adlı konfransda virtual çıxış edib. Həmin tədbirdə bir sıra ifrat sağ fiqurlar miqrasiyanı pisləyib və müsəlmanların İberiyadan orta əsrlərdə qovulmasını alqışlayıblar.

Maçado həmçinin İsrailin ifrat sağ hökumətinə güclü dəstəyini dəfələrlə ifadə edib. 2020-ci ildə o, öz siyasi partiyası ilə İsrailin “Likud” partiyası arasında rəsmi ittifaq imzalayıb və daha sonra bildirib:

“Venesuela mübarizəsi, İsrailin mübarizəsidir.”

O, Venesuela səfirliyinin Qüdsə köçürüləcəyini və bu şəhərin İsrail tərəfindən qeyri-qanuni işğalını tanıdığını elan edib.

CAIR bəyan edib ki, belə bir şəxsin təltif edilməsi “Nobel Sülh Mükafatının mirasına hörmətsizlikdir” və bu, “dünyanın hər yerində müharibə və zülm qurbanlarının iztirablarını görməməzlikdən gəlmək” deməkdir.

4310091

captcha