IQNA

İsveçrədə müəllimlər üçün hicab qadağası layihəsi mübahisələrə səbəb olub

10:10 - October 13, 2025
Xəbər sayı: 3499022
İQNA - İsveçrənin Sent-Qallen kantonunda müəllimlər üçün hicabın qadağan edilməsini nəzərdə tutan layihə mübahisələr doğurub. Bu layihə solçuların tənqidinə və müsəlman qadınlara qarşı ayrı-seçkilik məsələlərinə dair müzakirələrə səbəb olub.

“Anfaspress”-in verdiyi xəbərə görə, İsveçrə Xalq Partiyasının (SVP) müəllimlər üçün hicabın qadağan edilməsini təklif edən təşəbbüsü solçuların tənqidlərinə və müsəlman qadınlara qarşı ayrı-seçkiliklə bağlı geniş mübahisələrə yol açıb.

Təklif olunan bu qanun məktəblərdə geyim və aksesuarlarda dini simvolların istifadəsini qadağan edir və bu da təklifin müəlliflərinin qərəzsizliyi və həmin qadağanın digər dini simvollara da şamil olunub-olunmaması barədə müzakirələrə səbəb olub.

İsveçrə Sosial Demokrat Partiyasının üzvü Andrea Şik bildirib ki, bu təklif “müsəlman qadınların zərərinə birtərəfli siyasət”dir və əgər hicab qadağan ediləcəksə, bərabərliyin təmin olunması üçün xaç kimi xristian simvollarının da qadağan edilməli olduğunu vurğulayıb.

Bu müzakirə İsveçrənin digər kantonlarında bir neçə müəllimin baş örtüyü taxdığı üçün işini itirməsindən sonra başlayıb. Bəzi kantonlar şagirdlərə baş örtüyü taxmağa icazə verir, bəziləri isə müəllimlər üçün dini simvolları açıq şəkildə qadağan edir. 1997-ci ildə Federal Məhkəmənin çıxardığı və müəllimlərin hicab taxdıqları üçün işdən çıxarılmasını qanuni sayan qərar isə hələ də qüvvədədir.

Bu mübahisə, xristian xaçı və rahib geyimi kimi digər dini simvollara bu qanunların necə tətbiq ediləcəyi ilə bağlı qeyri-müəyyənlik səbəbindən daha da dərinləşib. Sosialistlər bütün dinlər üçün bərabər şəraitin yaradılmasını və diqqətin yalnız müsəlman qadınlara yönəldilməməsini tələb edirlər. Bern hökuməti bildirib ki, bu qadağa “bütün dini inanclara əsaslanan simvol və geyimləri” əhatə edir, lakin bunun digər dini simvollara necə tətbiq ediləcəyi hələ açıqlanmayıb.

İndi əsas sual budur: “İsveçrə hicab qadağasını yalnız müəllimlərə tətbiq edəcək, yoxsa digər dini simvolları istisna edəcək? Həmçinin eyni qanunlar xristian və yəhudi simvollarına da tətbiq olunacaqmı ki, dövlət məktəblərində dini bərabərlik təmin edilsin?”

4309774

Teqlər: İsveçrə ، hicab ، müəllim ، layihə
captcha