Həccin ən mühüm fəlsəfəsi əxlaqi dəyişiklikdir. “Haram etmək” mənasını verən ehram, termində “Həcc və ya ümrə niyyətində olan şəxs başqa vaxtlarda halal olan bəzi davranışları özünə bir müddət haram edir” deməkdir. Ehram, Quranda deyildiyi kimi, təqva paltarı geyinmək deməkdir. Mömin özünü tamamilə Allaha həsr edir və burada şəxsiyyətini unutmağa çalışır. Ehram sayəsində insan dünyəvi istəklərdən uzaqlaşır və beləliklə yaradılışın əvvəlindəki fitrətə qayıdır. Buna görə də ehram insanların üzərinə dəyişiklik, qayıdış və həyatda yeni səhifə açmaq üçün çox mühüm vəzifələr qoyur.
Adətən halal olan bəzi söz və hərəkətlər ehram bağlayanlara haramdır. Ehram bədəni zireh kimi qoruyur. Bununla da sosial-iqtisadi statuslar, məqam və vəzifələr, formalar, zövqlər, mədəniyyətlər və xarakterlər, bəzəklər və zinətlər bir kənara qoyuldu. Bu bərabərliyi simvolizə edən sadə iki parça paltardır.
Ehram həm də ölümdən sonrakı həyatla bağlı kəfəni əks edir. Ehram libasına bürünən şəxs dili və qəlbi ilə Rəbbini təsbih edər və etiraf edər ki, onun şəriki ola bilməz.
Sonra hər biri bir-bir Allahla mənəvi bağlarını gücləndirən, Allaha yaxınlaşmağa kömək edən, qaranlıq və günahkar keçmişlərindən uzaqlaşdıran, nurlu bir gələcəyə yaxınlaşdıran həcc ayinlərini yerinə yetirirlər.
Həcc ziyarətinin hər addımı İbrahim peyğəmbərin (ə), oğlu İsmayılın (ə) və Hacərin keçmişini, zəhmətlərini xatırladanda göz önündə konkretləşir. Ümumiyyətlə, Məkkə torpaqları, Məscidül-həram, Kəbə və təvaf yeri İslam peyğəmbərinin (s) və böyük rəhbərlərin səylərini xatırladanda bu əxlaqi inqilab daha da dərinləşir. Yəni, Məscidül-həramın və Məkkə torpaqlarının hər küncündə Həzrət Peyğəmbəri (s) və onun ailəsini, Həzrət Əlini (ə) və digər böyük rəhbərləri görür, onların hekayələrinin səsini eşidir.
Bütün bunlar ürəklərdə mənəvi inqilabın əsasını qoyur. O, insanın həyatının səhifəsini təsvirolunmaz şəkildə vərəqləyir, həyatında yeni səhifə açır.
Həzrət Peyğəmbərin (s) bir hədisində oxuyuruq: "Hər kim həcc ziyarətini Allah rizası üçün yerinə yetirərsə, pis söz və əməllərdən (Allahın rizasına uyğun gəlməyən) və Allaha asi olmaqdan çəkinərsə, anasının onu dünyaya gətirdiyi gün kimi günahlarından (həcc ziyarətindən təmizlənmiş halda) qayıdar".
Həcc müsəlmanlar üçün ikinci doğum və yeni insan həyatının başlanğıcıdır. Əlbəttə ki, belə bir nemət həcc təliminin və ruhunun dərinliklərinə qədəm qoyanlar üçündür.