“İQNA”-nın “Neşan” veb saytına istinadla verdiyi xəbərə görə, Barselona bölgəsində yerləşən Vibra şəhərindəki bir məsciddə qəsdən törədilən yanğından sonra İspaniyada irqçilik və ekstremizmin kölgəsi yenidən gündəmə gəlib. Bu hadisə İspaniyada yaşayan Mərakeş və digər müsəlman icmaları arasında geniş şəkildə pislənib və ölkədə irqçi və dini motivli hücumların artması ilə bağlı ciddi narahatlıqlara səbəb olub.
İspaniya Mərakeşlilərini Koordinasiya Təşkilatı bu hadisəyə cavab olaraq sərt tonda bəyanat yayıb və bu hadisəni “miqrantlara və müsəlmanlara qarşı irqçi hərəkatların sistematik şəkildə artması” kimi qiymətləndirərək qınayıb.
Bəyanatda qeyd olunub: “Baş verənlər artıq yalnız media və sosial şəbəkələrdəki düşmən münasibətli fikirlərdən ibarət deyil, bu hal artıq ibadət və inanc azadlığını pozan ciddi hücumlara – xüsusilə də bir məscidə qəsdən od vurulmasına – çatıb”.
İspaniyada yaşayan Mərakeşlilərin əhəmiyyətli bir qismini təmsil edən bu təşkilat, hücumun qurbanları ilə tam həmrəylik ifadə edib və hadisəyə dərhal reaksiya verərək bu alçaldıcı əməlləri qınayan Mərakeş Krallığının Barselonadakı Baş Konsulluğunun məsuliyyətli mövqeyini yüksək qiymətləndirib.
Bəyanatda xəbərdarlıq edən tonda vurğulanıb ki, İspaniyada zorakılıq və ekstremizmin artması cəmiyyətin sülhünü real təhlükə altına alır və xüsusilə də miqrantlar kimi həssas qrupları nifrət əsasında törədilən hücumların fəsadları ilə üz-üzə qoyur.
İspaniya Mərakeşlilərini Koordinasiya Təşkilatı həmçinin İspaniya hakimiyyətindən – həm yerli, həm də milli səviyyədə – bu təhlükəli prosesin qarşısını almaq üçün hüquqi və mənəvi məsuliyyətlərini yerinə yetirmələrini və təcili və təsirli tədbirlər görmələrini tələb edib.
Bəyanatda həmçinin qeyd olunub ki, İspaniya mədəni və dini müxtəlifliyə malik bir ölkə kimi bu sahədə əldə etdiyi uğurları qorumaq istiqamətində səylər göstərərsə, uğurlu bir birgəyaşayış modeli ola bilər.
Bəyanatın sonunda vurğulanıb ki, cəmiyyətdəki mövcud sülhü qorumaq üçün bütün fəal qüvvələrin – xüsusilə vətəndaş cəmiyyəti və medianın – təxribat və parçalanma çağırışlarına qarşı ortaq mövqe sərgiləməsi və qarşılıqlı hörmət dəyərlərini təşviq etməsi vacibdir.
4294554