“İQNA”-nın “Sky News”-a istinadən verdiyi xəbərə görə, Fransanın prezidenti sentyabr ayında BMT Baş Assambleyasının iclasında Fələstin dövlətini rəsmi şəkildə tanıyacağını açıqladıqdan sonra, İngiltərə parlamentinin 9 siyasi partiyasının nümayəndələri də müstəqil Fələstin dövlətinin tanınmasına dair birgə məktub imzalayıblar. Bu məsələ Keir Starmer hökumətinə təzyiqləri artıra bilər.
Hazırda baş nazir Keir Starmer həm daxildən, həm də beynəlxalq səviyyədə Fələstinin tanınması üçün artan təzyiqlərlə üz-üzədir. Xüsusilə də Qəzzada davam edən müharibəyə qarşı etirazlar və mühasirə altındakı bölgədə aclıq və qıtlıqla bağlı narahatlıqlar bu təzyiqləri artırır.
Bu çərçivədə, 221 parlament üzvü birgə məktub yayaraq bildirib: “Sizə müraciət edirik ki, gələn həftə keçiriləcək konfransda (28-29 iyul tarixlərində Nyu-Yorkda Fransa və Səudiyyə Ərəbistanının birgə sədrliyi ilə keçiriləcək BMT konfransı) Fələstin dövlətini rəsmi şəkildə tanıyın.”
Parlament üzvləri əlavə ediblər: “Bilirik ki, İngiltərənin Fələstin dövlətinin azad və müstəqil olmasını təmin etmək gücü yoxdur, lakin bu dövlətin rəsmi şəkildə tanınması ciddi təsir göstərəcək.”
Məktubu imzalayanlar arasında sağ mərkəzçi Mühafizəkarlar Partiyası, mərkəzçi Liberal Demokratlar, eləcə də Şotlandiya və Uelsin regional partiyalarından nümayəndələr yer alır. Onlar həmçinin İngiltərənin İsrailin qurulmasında – 1917-ci il Balfur Bəyannaməsi ilə – oynadığı rola və ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasına diqqət çəkiblər.
Bəyanatda qeyd olunub: “1980-ci ildən bəri biz iki dövlətli həll yolunu dəstəkləmişik. Fələstin dövlətinin tanınması bu mövqeyimizi gücləndirəcək və Fələstin xalqı qarşısında tarixi məsuliyyətimizi nümayiş etdirəcək.”
Mənbəyə görə, artan təzyiqlərə baxmayaraq, İngiltərə hökuməti Yaxın Şərq münaqişəsinin iki dövlətli həllini dəstəkləyən əvvəlki mövqeyini qoruyub saxlayır. Lakin bildirilib ki, hazırda Fələstin dövlətini rəsmi şəkildə tanımaq üçün uyğun şərait mövcud deyil.
Qeyd edək ki, iyul ayının əvvəlində Leyborist Partiyasından təxminən 60 deputat da xarici işlər naziri Devid Lamiyə şəxsi məktubla müraciət edərək Fələstin dövlətinin tanınmasını tələb etmişdi.
4296388