“İQNA” xəbər agentliyinin “News Room”-a istinadla verdiyi məlumata görə, Madriddən təxminən 400 kilometr şimalda yerləşən Pampelonanın Milagrosa məhəlləsindəki Əs-Səlam Məscidinin divarları 3 avqust səhəri tezdən islamofob və irqçi şüarlarla yazılıb və məscidin giriş hissəsi təhqiramiz yazılarla qaralanıb.
Naməlum şəxslər tərəfindən gecə saatlarında məscidin xarici hissəsinə “İspaniya xristiandır”, “Miqrantlar qayıtsın” və “Yaşasın İsa Məsih, padşah” kimi irqçi və islam əleyhinə şüarlar yazılıb və nasist xaçlarına bənzər rəsmlər çəkilib.
İspaniyadakı Ərəb Komissarlığı bu hadisəyə reaksiya olaraq bildirib: “Fiziki zərər alan olmasa da, bu hücum bölgədə yaşayanlar və ibadət edənlər arasında ciddi narahatlıq və qorxu yaradıb. Bu, sadəcə bir vandalizm aktı deyil, dini azadlığa birbaşa hücum və Pampelona ilə bütün Navarrada sülh içində birgəyaşayışa və sosial həmrəyliyə qarşı ciddi bir təhlükədir.”
Müsəlmanlarla bağlı fəaliyyət göstərən bu qurum əlavə edib: “İspaniyanın digər şəhərlərində də son aylarda bu kimi hücumların artması, nifrət və qorxuya əsaslanan bir tendensiyanın göstəricisidir. Bu hallar cəmiyyətdə etimadı sarsıtmaq, insanları təcridə məruz qoymaq və parçalanma yaratmaq məqsədi daşıyır. Buna görə də islamofobiyanın hər cür təzahürünü qəti şəkildə və kollektiv şəkildə rədd etməliyik.”
Ərəb Komissarlığı İspaniyadakı bütün müsəlmanlarla və bu hücumdan zərər çəkmiş şəxslərlə tam həmrəylik ifadə edərək, səlahiyyətli orqanların hadisənin tezliklə araşdırılması, məsul şəxslərin məhkəməyə verilməsi və ibadət məkanlarının qorunması üçün ciddi tədbirlər görəcəklərinə ümid etdiklərini bildirib.
Daha əvvəl Əl-Əzhərin Ekstremizmə Qarşı Mübarizə Mərkəzi də İspaniya cəmiyyətində artan islamofob cinayətlərlə bağlı ciddi narahatlıq ifadə etmişdi.
Bu qurum Avropa təşkilatlarının bu fenomenlə mübarizə üçün daha məsuliyyətli davranmalı olduqlarını vurğulayaraq qeyd edib: “Sağçı ekstremist ritorikaların artması və dini-etnik qruplara qarşı qorxu və nifrət yaratmaq cəhdləri cəmiyyətdə təhlükəli parçalanmalara yol aça bilər. Buna görə də nifrət təbliğatına qarşı daha təsirli strategiyalar qəbul edilməli, plüralizm və dinc birgəyaşayış mədəniyyəti təşviq edilməlidir.”
İspaniya Daxili İşlər Nazirliyinin son hesabatına əsasən, ölkədə 2024-cü ildə nifrət motivli cinayətlərdə əvvəlki illə müqayisədə 13.8 faiz azalma qeydə alınıb. Lakin bu ümumi azalmaya baxmayaraq, irqçi və yad düşmənçiliyi əsaslı cinayətlər 804 hadisə ilə digər nifrət cinayətlərini üstələyərək ən çox rast gəlinən hallar sırasında qalır.
4298284