IQNA

Bolgariyada Qurani-Kərim üzrə milli müsabiqə keçirilib

9:56 - August 18, 2025
Xəbər sayı: 3498710
İQNA - Bolgariyanın Qurani-Kərimin hifzi və tilavəti üzrə 14-cü milli müsabiqəsi ölkənin müxtəlif bölgələrindən 57 iştirakçının iştirakı ilə keçirilib.

“İQNA”-nın “Muslimun həvləl-aləm” saytına istinadən verdiyi xəbərə görə, Bolqarıstanın cənubundakı Smolyan vilayətinin Mədən şəhəri – “Quran hafizləri şəhəri” kimi tanınan bu məkan – Qurani-Kərimin hifzi və tilavəti üzrə 14-cü milli müsabiqəyə ev sahibliyi edib. Bu yarışmada ölkənin müxtəlif bölgələrindən olan 57 nəfər iştirakçı beş istiqamətdə – tam hifz, 15 cüz, 5 cüz, 1 cüz və habelə təcvidli tilavət üzrə bir-biri ilə rəqabət aparıb.

Tədbir Bolqarıstanın baş müftisi Mustafa Hacı, dini liderlər, rəsmi şəxslər, eləcə də Türkiyənin səfirliyi və konsulluğunun nümayəndələrinin iştirakı ilə mənəviyyat dolu bir atmosferdə keçirilib. Bu, Qurani-Kərimin Bolqarıstanda yeni nəsil müsəlmanların həyatında artan rolunu nümayiş etdirib.

Nəticələrə görə, tam hifz bölməsində İbrahim və Adilə Kambaş birinci yerə layiq görülüblər. 15 cüz bölməsində isə Məhəmməd Uşif qalib gəlib. 5 cüz üzrə Taha Müncid Hüveydi və Bətul Məğri birinciliyi qazanıblar. “Əmmə Cüz” üzrə (14 yaşdan yuxarı qrupda) Əli Xoca və Bilsan ən-Nayib, (14 yaşdan aşağı qrupda) isə Abdullah Məhəmməd və Əminə Vəklova birinci yerə çıxıblar. Tila­vət üzrə isə Hüseyn Kambrov və Zeynəb Macar qalib seçiliblər.

Müsabiqənin mükafat fondu kifayət qədər böyük olub. Baş mükafat hər bölmədə 1500 leva, ikinci yer 1200 leva, üçüncü yer isə 1000 leva müəyyən edilib. Ümumilikdə müxtəlif bölmələr üzrə mükafatların məbləği 16 min levadan çox təşkil edib. Həmçinin bütün iştirakçılara xatirə nişanı və iştirak sertifikatı təqdim olunub.

Bolqarıstan Respublikasının baş müftisi Şeyx Mustafa Hacı Qurani-Kərimin hifzi və tilavəti üzrə milli müsabiqənin 14-cü turunun ab-havasını təsvir edərək deyib:

“Bu gün biz Bolqarıstan müsəlman gəncləri arasında Quranla yaşayan, cəhalət və azğınlığa qarşı mübarizə aparmağa qadir, ümidverici bir nəslin yetişdiyinə şahidlik edirik. İştirakçılar dini köklərə dönüş və Quran nurunun yayılması üçün səy göstərən nəsli təmsil edirlər”.

Ali İslam Şurasının sədri Vedat Əhməd isə bildirib ki, hər il iştirakçıların sayının artması alimlərin və müəllimlərin gənclərin qəlbində Quran toxumunu əkməsinin bəhrəsidir.

Smolyan müftisi Nəcməddin Dübov da qeyd edib ki, iştirakçılar Allahın kəlamına yiyələnməklə ülvi ruh yüksəkliyini nümayiş etdirdilər. Sofiyadakı Türkiyə səfirliyinin nümayəndəsi Ərdal Atalay isə Quranın İslam ümməti üçün hidayət və mənəvi şəfa mənbəyi olduğunu vurğulayıb.

4300312

Teqlər: bolqarıstan ، quran ، müsabiqə ، hafiz
captcha