IQNA

Fövqəladə iclasın yekun bəyanatında İƏT vurğuladı:

Sionist rejimin Qəzzəyə təcavüzləri dayandırılmalıdır

12:07 - August 26, 2025
Xəbər sayı: 3498755
İQNA - İslam Əməkdaşlıq Təşkilatı fövqəladə iclasının yekun bəyanatında BMT Təhlükəsizlik Şurasından sionist rejimin Qəzzəyə qarşı təcavüzlərini dayandırmağı tələb edib.

“İQNA”-nın “Şərq” xəbər portalına istinadən verdiyi məlumata görə, İƏT-ə üzv ölkələrin xarici işlər nazirləri yekun bəyanatlarında BMT Təhlükəsizlik Şurasından İsrail rejiminin Qəzza zolağında davamlı təcavüzləri barədə iclas keçirməyi tələb ediblər.

Ciddə şəhərində keçirilən İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclasının yekun bəyanatının əsas məqamları bunlardır:

BMT Təhlükəsizlik Şurasından tələb edirik ki, Fələstin xalqına qarşı İsrailin təcavüzləri barədə iclas keçirsin, Nizamnamənin Yeddinci fəslinə əsasən üzərinə düşən məsuliyyətləri yerinə yetirsin və işğalçı İsrailin vəhşi hücumlarını dayandırmaq üçün addımlar atsın.

Qəzza zolağında atəşkəsin təmin edilməsi istiqamətində aparılan səyləri dəstəkləyirik.

Keçid məntəqələrinin açılması və humanitar yardımların hər hansı maneə olmadan kifayət qədər Qəzzaya daxil olmasının vacibliyini vurğulayırıq.

İsrailin sərt mövqeyini və Qəzzada atəşkəsə nail olmaq üçün göstərilən səylərə qarşı çıxmasını pisləyirik.

Qəzzada yardım təşkilatlarının, xüsusilə də Fələstin qaçqınları üzrə BMT qurumu olan UNRWA-nın sərbəst fəaliyyətinin təmin edilməsini tələb edirik.

Netanyahu tərəfindən səsləndirilən “Böyük İsrail” adlı planla bağlı məsuliyyətsiz açıqlamalara qarşı çıxırıq.

Qəzza zolağında jurnalistlər və media əməkdaşlarının qətli cinayətlərini qətiyyətlə pisləyirik.

İsrailin gərginlik yaradan siyasətinin davamı, həll yollarına nail olmaq imkanlarını aradan qaldırır və regionun təhlükəsizliyini və sabitliyini daha çox risk altına salır.

İsrailin işğal olunmuş Fələstin torpaqlarında coğrafi və demoqrafik vəziyyəti dəyişmək məqsədilə həyata keçirdiyi qanunsuz məskunlaşma planlarını pisləyirik.

4301639

captcha