IQNA

Kanadalı qeyri-müsəlmanlardan müsəlman icmasına dəstək

10:14 - September 04, 2025
Xəbər sayı: 3498803
İQNA - Kanadanın paytaxtı yaxınlığında yerləşən Steytsvil bölgəsinin sakinləri bu ərazidəki müsəlman icması ilə həmrəylik nümayiş etdirmək üçün toplaşıblar.

“İQNA”-nın “CBC”-yə istinadən verdiyi xəbərə görə, Steytsvil Müsəlmanlar Assosiasiyasının (SMA) üzvləri Kanadanın paytaxtı Ottavanın kənarında yerləşən bu assosiasiyanın mərkəzi ofisində bir araya gəliblər ki, yaxın günlərdə baş verən irqçi təhqir hadisəsinə — assosiasiyanın bir binasına spreylə yazı yazılmasına — reaksiya versinlər.

Avqustun 26-sı gecəsi mərkəzi ofisin arxasında yerləşən bir binaya islamofobiya xarakterli hücum olub. SMA tərəfindən yayılan təhlükəsizlik kameralarının görüntülərində bir şəxsin divara yazı yazdığı və sonra tələsik uzaqlaşdığı görünür.

“SMA”-nın rəhbəri Əmir Siddiqi bildirib ki, bu hadisə icma üzvlərinin qarşılaşdığı islamofob hadisələr silsiləsinin son nümunəsidir.

Ötən həftəki vandalizm hadisəsi Ottava polisi tərəfindən araşdırılan bir sıra nifrət zəminində baş verən cinayətlərdən yalnız biridir. Digər hallara gənc müsəlman bir qadına avtobusda edilən hücum da daxildir.

Siddiqi bildirib ki, Steytsvil Müsəlmanlar Assosiasiyasının toplantısının məqsədi ictimaiyyəti islamofobiya hallarının çoxluğu barədə məlumatlandırmaq və hökumətin bütün məsullarından bu problemin həlli üçün addımlar atılmasını tələb etmək idi. O deyib: “Çox təəccübləndik ki, zal qeyri-müsəlmanlarla dolu idi.”

Onun sözlərinə görə, Steytsvil Müsəlmanlar Assosiasiyası xoşagəlməz nəticələrdən ehtiyatlandığı üçün hətta adını binanın yol kənarındakı lövhəsinə yazmaqdan çəkinib.

Şəhər Şurasının üzvü Qlenn Gouer isə belə deyib: “Düşünürəm ki, cəmiyyətdə böyük bir şok var; eyni zamanda ciddi narahatlıq da görünür. Buna görə də bu gün burada insanların geniş iştirakını görməyimdən çox məmnunam.”

Steytsvilin meri Satklif çıxışında deyib: “Biz qorxu, hədə və ya təzyiq əsasında qərar verə bilmərik. Biz irəli getməliyik. Siz bu cəmiyyətin bir hissəsisiniz və binanızın üzərinə adınızı yazmalı, bununla qürur duymalısınız.”

O əlavə edib ki, ümid edir payızda Ottavada müxtəlif dinlərin icma liderlərinin bir araya gələcəyi bir toplantı keçiriləcək və hamı birlikdə həll yolları axtaracaq.

Məlumatlara görə, Qəzza müharibəsindən sonra Kanadada müsəlmanlara qarşı nifrət yönümlü hadisələrin sayı narahatedici dərəcədə artıb.

4303152

captcha