“Anadolu” agentliyinin xəbərinə görə, Paris Böyük Məscidinin rəsmiləri açıqlayıb ki, bir kişi Fransanın mərkəzində yerləşən Klermon-Ferran (Clermont-Ferrand) şəhərindəki məscidə hücum edib və Quran nüsxələrini cırıb.
Həmin şəxs, həmçinin məscidin ərazisinə ziyan vurub və namazqılanları hədələyib.
Paris Böyük Məscidi sosial şəbəkə X üzərindən yaydığı bəyanatda bu hücumdan dərin narahatlığını ifadə edərək, onu müsəlmanlara qarşı qəbuledilməz və nifrət dolu bir əməl adlandırıb.
Məscid, Fransa rəsmilərindən bu hücumu törədən şəxsə qarşı ciddi tədbirlər görməyi tələb edib və ölkə boyu artmaqda olan islamofobiya dalğası barədə xəbərdarlıq edib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb və hücumçunun axtarışları davam etdirilir.
Fransa rəsmiləri ötən iyul ayında açıqlamışdılar ki, 2025-ci ilin ortalarına qədər qeydə alınan islam əleyhinə fəaliyyətlər əvvəlki illə müqayisədə 75 faiz artıb, insanlara qarşı hücumlar isə üç dəfə çoxalıb.
AFP-nin Fransa Daxili İşlər Nazirliyinə istinadla verdiyi xəbərə görə, cari ilin ilk beş ayında 145 islam əleyhinə fəaliyyət qeydə alınıb, halbuki bu rəqəm 2024-cü ilin eyni dövründə 83 idi.
Həmin mənbənin bildirdiyinə görə, bu il fərdlərə qarşı hücumların sayı 209 faiz artaraq 99-a çatıb, halbuki ötən ilin eyni dövründə bu rəqəm 32 hücum təşkil edirdi.
4308221