“Humenglish” portalının məlumatına görə, Pakistan Ali Təhsil Komissiyası (HEC) ölkə üzrə bütün universitetlərə və onlara bağlı kolleclərə göstəriş verib ki, 2025-ci ilin payız semestrindən etibarən bakalavr və magistratura proqramlarına Qurani-Kərimin məzmunu ilə bağlı iki məcburi fənn daxil etsinlər.
HEC-in Universitetlər şöbəsi tərəfindən yayımlanan rəsmi dövri məktubda Komissiyanın direktoru Fəridə Əncüm universitet rektorlarına, ali təhsil müəssisələrinin rəhbərlərinə və direktorlarına xatırladıb ki, “Qurani-Kərimi tanımaq – 1” və “Qurani-Kərimi tanımaq – 2” adlı bu fənlər bütün bakalavr, magistr və doktorantura səviyyələrində tədris olunmalıdır.
Sənəddə qeyd olunur ki, hər fənn bir kreditdən ibarətdir və yalnız ənənəvi (üzbəüz) formada keçirilməlidir.
Ali Təhsil Komissiyası bildirib ki, bu təşəbbüs ilk dəfə 2005-ci ildə tələbələr arasında Qurani-Kərim maarifini genişləndirmək məqsədilə təqdim edilmişdi.
Komissiya indi bütün dərəcə verən institutlardan (DAI) və ali təhsil müəssisələrindən (HEI) yenilənmiş hesabat tələb edib ki, bu fənlərin tədris proqramlarına daxil edilib-edilmədiyini təsdiq etsinlər.
Eyni zamanda, universitetlərdən müəllimlərin təlimi ilə bağlı məlumatları da təqdim etmələri istənilib. HEC həmçinin araşdırır ki, bu fənləri tədris edəcək ərəb dili və İslamşünaslıq müəllimləri yeni tədris ili başlamazdan əvvəl Milli Ali Təhsil Akademiyası (NAHE) vasitəsilə təlim keçiblərmi, yoxsa təlim keçəcəklərmi.
Bildirilib ki, Ali Təhsil Komissiyası bu qərarın icrasını izləmək üçün nəzarət mexanizmi hazırlayır.
Müəssisələrdən xahiş olunub ki, öz irəliləyişləri barədə hesabat versinlər və Komissiya tərəfindən təqdim edilən onlayn formanı doldursunlar ki, bu qanunun həm dövlət, həm də özəl universitetlərdə vahid şəkildə icrası təmin edilsin.
HEC-in açıqlamasında vurğulanıb ki, bu göstərişin vaxtında yerinə yetirilməsi, ölkə üzrə ali təhsil müəssisələrində Qurani-Kərimi anlama dərslərinin həyata keçirilməsində vahidlik və əlaqəlilik yaratmağa kömək edəcək.
4310412