IQNA

Braziliyada yeni məscid açıldı

9:42 - October 19, 2025
Xəbər sayı: 3499054
İQNA - Latın Amerikası İslam Təbliğ Mərkəzinin (CDIAL) təşəbbüsü ilə Braziliyanın Paraná ştatının cənub-qərbində ilk xeyriyyə İslam mədəniyyət mərkəzi və məscidi açılıb.

“İQNA”-nın “muslimsaroundtheworld” saytına istinadla verdiyi xəbərə görə, bu xeyriyyəçi İslam mədəniyyət mərkəzi və məscid “Dois Vizinhos” şəhərində keçirilən mərasimlə açılıb. Bu hadisə regionda müsəlmanların mövcudluğunun möhkəmlənməsi, iman, həmrəylik, dialoq və dinc birgəyaşayış dəyərlərinin güclənməsini təmsil edir.

Açılış mərasimində yerli və dini məsul şəxslər, o cümlədən Argentinadakı “Kral Fəhd İslam Mədəniyyət Mərkəzi”nin direktoru və mədəni müşaviri Eyd Həsən ər-Rubeyi, Amerika və Karib bölgəsi üzrə İmamlar Ali Şurası və İslam İşləri rəhbəri Əbdülhəmid Mətvəli, eləcə də Livan Darül-İfta nümayəndəsi Şeyx Əli əl-Xətib iştirak ediblər.

Bu məscid və mədəniyyət mərkəzinin açılması, dinlərarası dialoq və sosial əlaqələrin möhkəmləndirilməsi sahəsində fəaliyyət göstərən qurumlara dəstək məqsədilə yerli müsəlman icmasının birgə səylərinin nəticəsidir. Məscid elmin, mənəviyyatın və birliyin məkanı kimi bölgədə sülhün və maarifin yayılması üçün fəaliyyət göstərəcək.

Dois Vizinhos şəhəri Braziliyanın Paraná ştatının cənub-qərbində yerləşir və qarğıdalı, soya kimi taxıl məhsullarının istehsalı ilə tanınan mühüm iqtisadi və kənd təsərrüfatı mərkəzidir.

Şəhər həmçinin sosial və mədəni müxtəlifliyi ilə seçilir və fərqli etnik mənşəli icmaların birgə yaşadığı bir yerdir. Mədəni və dini tədbirlərə ev sahibliyi etməsi də Paraná ştatının cənub-qərbində dinc birgəyaşayış və mədəni müxtəlifliyin göstəricisidir.

4311385

Teqlər: braziliya ، məscid ، İslam ، müsəlman
captcha