IQNA

Rusiyada keçirilən beynəlxalq Quran müsabiqəsi çərçivəsində ustad Taruti təqdir olunub

10:30 - October 21, 2025
Xəbər sayı: 3499068
İQNA - Rusiya Federasiyasının Dini İşlər İdarəsi, Misirin Əş-Şərqiyyə vilayətindən olan tanınmış qari və ölkəsinin Qarilər İttifaqının sədr müavini Abdülfəttah ət-Tarutini “ilin seçilən Quran şəxsiyyəti” adına layiq görərək onu təltif edib.

“Qahirə 24” saytının verdiyi məlumata görə, ustad Abdülfəttah ət-Taruti Moskva şəhərində keçirilən Rusiya Beynəlxalq Quran Müsabiqəsində iştirak etmək üçün paytaxta səfər etmiş və müsabiqənin bağlanış mərasimində təltif olunub.

Rusiya Müsəlmanları Dini İdarəsinin rəhbərliyi, Moskva Beynəlxalq Quran Müsabiqəsinin bağlanış mərasimində şeyx Abdülfəttah ət-Tarutini ilin Quran şəxsiyyəti kimi seçib.

Rusiya Müsəlmanları Dini İdarəsi bu seçimi onun zəngin elmi və qiraət irsi, Quran tilavət ənənəsinin dirçəldilməsi yolundakı səy və xidmətləri, tanınmış qarilərin üslub və məktəbinin davam etdirilməsi, həmçinin ət-Taruti Qari Yetişdirmə İnstitutunda qarilərin və hafizlərin hazırlanmasındakı fədakar fəaliyyətinə görə əsaslandırıb.

Ət-Taruti özünün “Facebook” hesabında belə yazıb: “Allahın lütf və kərəminə həmd olsun. Bu gün Quran tilavət ənənəsini dirçəltmək, tanınmış qarilərin yolunu davam etdirmək və ət-Taruti İnstitutunda qari və təlifxanların yetişdirilməsi sahəsində göstərdiyimiz xidmətlərə görə xüsusi fəxri nişanla təltif olunduq. Bu şərəf Rusiya Federasiyası Müsəlmanları Dini İdarəsinin qərarı ilə Moskva Beynəlxalq Quran Müsabiqəsinin sonunda bizə nəsib oldu.”

Abdülfəttah ət-Taruti, 1965-ci ildə Misirin Əş-Şərqiyyə vilayətinin mərkəzi olan Zəqaziq şəhərinə bağlı Tarut kəndində anadan olub. O, üç yaşında olarkən atası onu kənddəki mədrəsəyə – Quran məktəbinə göndərib. Şeyx Əbdülməqsud Səid ən-Nəccar onun fitri istedadını kəşf etmiş və Quran tilavətindəki gözəl nəğmələrinə görə onu tərifləmişdir. Ət-Taruti səkkiz yaşında Qurani-Kərimi tam şəkildə əzbərləmişdir.

Şeyx ən-Nəccar onun həyatında mühüm rol oynamış, istedadına inanaraq kənddə keçirilən mərasimlərdə Quran tilavətinə şərait yaratmışdır. Daha sonra ət-Taruti təhsilini davam etdirmək üçün Zəqaziqdəki Əl-Əzhər Universitetinə daxil olmuş və dayısı ilə birlikdə yaşamışdır.

O, Şeyx Səid Əbdüssəməd, Şeyx Məhəmməd əl-Leysi, Şeyx əş-Şəhhət Ənvər və Şeyx Məhəmməd Həlil kimi böyük ustadlardan dərs almış və Usul əd-Din fakültəsini yüksək qiymətlərlə bitirmişdir.

Ət-Taruti 1996-cı ildə Kaliforniyadakı Oklend İslam Mərkəzinin dəvəti ilə ABŞ-a səfər etmiş, 2000-ci ildə isə İspaniyada Kral Xalid İslam Mərkəzində Müqəddəs Ramazan ayı münasibətilə keçirilən mərasimlərdə iştirak etmişdir. Bu səfərlər onun beynəlxalq səviyyədə tanınmasına səbəb olmuşdur.

O, öz həyatını İslamın və Quranın təlimlərinin yayılmasına həsr etmiş və Qurana xidmətlərinə görə Pakistan İslam Universiteti “əl-Bənuriyyə” tərəfindən fəxri doktor adına layiq görülmüşdür. Bununla da o, Şeyx Əbdülbasit Əbdüssəməddən sonra bu fəxri dərəcəni alan ikinci qari olmuşdur.

4311571

captcha