“İQNA”-nın “Əl-Cəzirə”yə istinadla verdiyi xəbərə görə, İstanbulun Fatih bölgəsində yüzlərlə Quran tələbəsinin Quran əzbəri və ərəb dili ixtisasları üzrə təhsilini başa vurması münasibətilə möhtəşəm məzuniyyət mərasimi təşkil olunub. Onlar diplom və sertifikatlarını almaq üçün Sultan Səlim məscidinə toplaşıblar. Mərasimdə bir sıra alimlər və dini rəhbərlər də iştirak ediblər.
Mərasimdə İsmaili icmasının mənəvi lideri Əhməd Fikri Doğan Hocaəfəndi, dini rəhbərlərdən İsmayıl Saleh Topçu və Ərinlər Vəqfinin fəxri sədri Mahmud Ərin iştirak ediblər. Həmçinin bir sıra alimlər, imamlar, xeyriyyə təşkilatlarının məsulları, vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də çoxsaylı ailələr və tələbələr bu mərasimdə yer alıblar.
Tədbir Quran tilavəti və camaat namazı ilə müşayiət olunub. Ümumilikdə 318 məzun İslam elmləri üzrə diplom alıb.
Quran tələbələrindən biri olan Məhəmməd Əmin Sivi çıxışında deyib: “Biz Sultan Səlim məscidində İslam elmləri üzrə diplom almaqdan qürur duyuruq. Xalqın qəlbinə elm, müdriklik və gözəl əxlaqla təsir göstərmək üçün xidmətimizi başlayırıq və çalışacağıq ki, saf İslam maarifini bütün Anadoluya yayaq.”
Həmidiyyə məktəbinin direktoru Əbdülmətin Qaragüm bu hadisəni Sultan Səlim məscidi üçün tarixi bir gün adlandırıb və deyib: “Biz Allahın kitabını əzbərləyib İslam elmlərində mahir olan 318 Quran tələbəsinə şəhadətnamə verdik. Allahdan diləyirik ki, Onlar vasitəsilə millətimizə xeyir bəxş etsin.”
Mərasim İslam elmləri müəllimi Şeyx Musa Yıldız Hocaəfəndinin duası ilə mənəvi və sevinc dolu bir atmosferdə başa çatıb və İstanbulun tarixində dini maarifin və Quran hafizlərinin ucaldılmasına həsr olunmuş daha bir səhifə yazılıb.
4311927