“Əl-Müslimun həvləl-aləm” saytının məlumatına görə, Bosniyada Bəhram bəy məktəbinin dördyüzüncü ildönümü münasibətilə keçiriləcək bayram tədbirlərinin hazırlıqları davam edir.
2026-cı il ərzində bu İslam məktəbinin zəngin təhsil irsini önə çıxarmaq məqsədilə genişmiqyaslı elmi, mədəni və maarifləndirici proqramlar və tədbirlər planlaşdırılıb.
Bu məktəbin tədris fəaliyyətinin 400 illiyi münasibətilə görülən hazırlıqlar çərçivəsində Tuzla müftisi Vahid Fadiloviç, Bəhram bəy məktəbinin direktoru Admir Maratoviç və onun həmkarları ilə birgə koordinasiya iclası keçirib. Görüşdə 2026-cı ildə bu tarixi hadisənin qeyd olunması üçün nəzərdə tutulan tədbirlər müzakirə olunub.
İclas zamanı Tuzla müftisi Bəhram bəy məktəbinin Balkanlarda İslam təhsilində oynadığı mühüm rolu vurğulayaraq bildirib ki, bu məktəb Tuzla və Bosniyanın şimal-şərqində institusional təhsilin başlanğıcını göstərir və əsrlər boyu həm xalq, həm də dini alimlər tərəfindən dərin hörmətlə qarşılanıb.
17-ci əsrin ilk rübündə təsis edilmiş Bəhram bəy məktəbi Balkan bölgəsindəki ən qədim İslam təhsil müəssisələrindən biridir. Məktəbin fəaliyyəti və mövcudluğuna dair ilk yazılı sənəd 1626-cı ilə aiddir.
Son illər ərzində bu məktəbdən yüzdən çox Qurani-Kərim hafizi məzun olub və onların böyük əksəriyyəti müxtəlif sahələr üzrə ali təhsil alıblar. Bu isə Bəhram bəy məktəbinin Qurani-Kərim tədrisi, hifzi və dini-islami biliklərin yayılmasında qabaqcıl rol oynadığını göstərir.
4313726